Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında bir gün




Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında bir gün2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasından reportajAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialına çatanda bir anlıq ayaq saxladım. İmtahanqabağı həyəcanı üzündən oxunan neçə-neçə tələbə yanımdan ötüb keçdikcə qeyri-ixtiyari öz tələbəliyim yadıma düşdü. Onların keçirdiyi hisslər mənə tanış idi, bilirdim ki, hazırlıq səviyyəsindən asılı olmayaraq imtahan adı gələndə indinin özündə də qəlbimdən ani də olsa, qəribə təlaş keçir. Və eyni anda da tanımadığım, amma mənə doğmam, əzizim qədər yaxın görünən tələbələrə, bəlkə də elə özümə təskinlik tapmaq üçün xəyalən nələrsə düşünməyə başladım. Yadıma düşdü ki. o imtahanqabağı həyəcan suallarla tanış olana kimidir. Bundan sonrası hazırlıqlı tələbə üçün asandır. Hətta onun verdiyi xoş ovqatı, ləzzəti heç nə əvəz edə bilməz. Çünki əziyyətin qarşılığında haqq etdiyin dəyəri alanda üzün gülür. Sevinirsən ki, çəkdiyin zəhmət hədər getmədi. O ki qaldı bilik ola- ona çəkilən əmək ömürboyu əlindən tutacaq, sənə ömür boyu həyatın şirinliyini yaşadacaq.
-Elə bu duyğularla da ali təhsil müəssisəsinə daxil oluram. Universitetin direktoru Tünzalə Yusifova ilə söhbət zamanı öyrənirəm ki, ADPU-nun Şamaxı filialında 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 dekabr 2018-ci il tarixli F-792 nömrəli “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmri və ADPU-nun müvafiq normativ sənədləri əsasında təşkil olunmuşdur.
Daha sonra universitetdə yaradılan, özümün də üzv olduğum İctimai şuranın üzvlərilə görüşürəm. Bilirəm ki, bu gün- yanvarın 15-də biz imtahan prosesinin monitorinqi məqsədilə imtahan sessiyasında iştirak edəcəyik.
...İctimai Şuranın üzvlərini dəyirmi masa ətrafında fikir mübadiləsi başlayır. Filialda İctimai Şura 8 yanvar 2019-cu il tarixindən vətəndaş cəmiyyəti platformasının resurslarından istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən, imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək edilməsi və sair məsələlər üzrə fəaliyyət göstərir. İctimai Şuranın
tərkibinə Şamaxı rayonunun ictimai həyatında xüsusi fərqlənən, müxtəlif fəxri adlarla təltif edilən qabaqcıl təhsil işçiləri daxil edilib:
-Alıcanov Mayıl Sədyar oğlu- ADPU-nun Şamaxı filialının İctimai elmlər və xüsusi fənlər kafedrasının müdiri, əməkdar müəllim, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri
-Həsənov İsgəndər Alış oğlu- E.Hüseynov adına Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim
-Balakişiyev Kamal Babakişi oğlu- Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli liseyin əməkdar müəllimi
-Rüstəmova Dilarə Ağaməmməd qızı- S.M.Qənizadə adına Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin direktoru
-Ağayev Babalar Ağa oğlu- Şamaxı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi
-Maqsudova Nurlana Anəs qızı- Şamaxı şəhər Avropa liseyinin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi
-Abdurahmanova Könül Ənvər qızı – E.Hüseynov adına Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin Tərəqqi medalı ilə təltif edilmiş müəllimi
-"Şirvan" qəzetinin baş redaktoru kimi mən- Məmmədova Könül Tarix qızı da həmin tərkibdə olduğumdan qürur duyuram.
Dəyirmi masada təhsil sahəsində baş verən yeniliklərdən, uğurlardan söz düşür. Qeyd olunur ki, ADPU-nun Şamaxı Filialı regionda yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də rayonun ictimai həyatında mühüm rol oynayır. Filialın məzunları müxtəlif bölgələrdə, xüsusilə Şamaxıda və onun ətraf kəndlərində uğurla fəaliyyət göstərirlər.
Biz- İctimai Şura üzvləri imtahanların gedişini izləmək məqsədilə auditoriyalara üz tuturuq.
Hazırda filialda bir fakültə üzrə (Pedaqoji fakültə) və beş ixtisasda -“İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və
informatika müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə 518 tələbə təhsil alır.
İmtahan sessiyasına hazırlıq işləri mütəşəkkil şəkildə həyata keçirilir. Belə ki, imtahan sessiyasından 1 ay əvvəl imtahan sualları hazırlanaraq tələbələrə təqdim edilmiş və eyni zamanda həmin suallar əsasında imtahan biletləri tərtib edilmişdir. Tələbələrin imtahana giriş balları hesablanaraq onların nəzərinə çatdırılmış və elanlar guşəsində yerləşdirilmişdir. Hər bir fənn üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən (səbəbindən aslı olmayaraq) tələbələr müəyyənləşdirmişdir və onlar həmin fəndən imtahanlarda iştirak etmirlər.
İmtahan cədvəli (məsləhət saatları qeyd olunmaqla) dekabr ayının 20-dək filialın rəhbərliyi tərəfindən təsdiq olunub elanlar lövhəsindən asılmışdır. Tələbələr imtahandan əvvəl həmin cədvəl üzrə məsləhət saatlarında iştirak edirlər.
İmtahan sessiyasında 5 ixtisas üzrə 23 qrupda 508 tələbə iştirak edir. Keçiriləcək imtahanların sayı 132-dir.
İmtahanlar ADPU-nun Elmi Şurasının 25 dekabr 2018-ci il tarixli iclasının qərarı ilə təsdiq olunmuş “İmtahan sessiyasının təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq təşkil olunur. Belə ki, imtahanlar bir qayda olaraq yazılı formada keçirilir, saat 9.00-da başlanır və 2 saat davam edir. İmtahanın vaxtında başlanması üçün tələbələrin 08.30-da imtahan zalının qarşısında hazır olmaları tələb olunur. Tələbə bileti olmadan heç bir tələbə imtahana buraxılmır.
İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnərək təyin olunmuş ixtisas müəllimləri tərəfindən yoxlanılır, qiymətləndirilir. Yoxlanılmış imtahanların nəticələri tələbələrə elan olunur və elanlar lövhəsində yerləşdirilir.
Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialın 24.12.2017-ci il tarixli 02/99 nömrəli əmri ilə Apellyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyası filialın II mərtəbəsində, 202-ci otaqda fəaliyyət göstərir. Tələbə imtahanın nəticəsindən narazı qaldıqda, nəticələr elan olunduğu gün filialın Apellyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya
tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin emin edir. Tələbə çıxarılan qərardan razı qalmadıqda həmin ixtisas üzrə digər müəllim yenidən yazı işinə baxır və qərar qəbul olunur və protokollaşdırılır.
Filialın TGT sədri də Apellyasiya komissiyasının üzvüdür və o, komissiyanın fəaliyyətində iştirak edir.
Filialda imtahanların obyektiv, şəffaf təşkili və keçirilməsi, imtahan prosesində yarana biləcək neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə 24.12.2018-ci il tarixli, 02/98 nömrəli əmrlə İmtahan Qərargahı yaradılmışdır. İmtahan Qərargahı filialın tədris korpusunun birinci mərtəbəsində, 123-cü otaqda fəaliyyət göstərir (əlaqə telefonu: 020-26-9-64-74). Qərargaha daxil olacaq hər bir ərizə və ya şikayətin dərhal direktorluğa çatdırılması bununla bağlı əmrdə öz əksini tapmışdır.
İmtahanların gedişi zamanı nizam-intizam qaydalarına ciddi əməl olunması üçün filialın müvafiq əmri ilə imtahanlara nəzarətçi-koordinatorlar və nəzarətçi müəllimlər (qeyri-ixtisas müəllimlərindən) təyin olunmuşdur Filial direktorunun icazəsi olmadan kənar şəxslərin imtahanlara müdaxilə edilməsi yolverilməzdir.
İmtahanların normal keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur.
İmtahan keçirilən bütün auditoriyalarda nəzarət kameraları quraşdırılmışdır. Bu kameralar vasitəsi ilə imtahanların gedişi canlı olaraq izlənilir. Sessiya zamanı kitabxananın fasiləsiz işləməsi təmin olunmuşdur.
İmtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə mediya nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına şərait yaradılmışdır. İmtahan sessiyası zamanı demək olar ki, hər gün “Açıq qapı” günüdür.
İmtahanların keçirilməsi üçün auditoriyaların hazırlıq vəziyyətinə gətirilməsini, növbətçilərin öz yerlərində olması və dəhlizlərdə tam sakitliyin təmin olunmasını müsbət hal kimi qiymətləndiririk.
Şura üzvləri imtahan bitdikdən sonra yazı işlərinin şifrələnməsi, müəllimlərin imtahan nəticələrinin yoxlamaları prosesini də izlədilər və bu proseslərdə obyektivliyin şahidi oldular.
İctimai Şura üzvləri Apellyasiya Komissiyasının və İmtahan qərərgahının fəaliyyəti ilə də yaxından tanış oldular. Filialın TGT sədrinin də Apellyasiya komissiyasının üzvü olmasını müsbət hal kimi qiymətləndirdilər.
İmtahanlar bitdikdən sonra tələbələrlə də söhbət aparıldı. Onlar bilklərini nümayiş etdirmək üçün heç bir neqativ hal olmadığını bildirdilər.
Sonda biz- İctimai Şuranın üzvləri, ümumilikdə imtahan sessiyasının keçirilməsinə müsbət münasibətimizi bildirdik və filialdan yüksək təəssüratla ayrıldıq.
Könül Məmmədova


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az