Sentyabrın 11-də Şamaxıda ali təhsil müəssisələrinə qəbul imtahanlarında və il ərzində müxtəlif müsabiqələrdə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.Görüşdə rayon rəhbərliyi, yüksək bal toplayan abituriyentlər və şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisinin deputatı Tamam Cəfərova, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev və rayon təhsil sektorunun müdiri Məsud Babayev yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərinini təbrik ediblər.
Qeyd olunub ki, son 5 ildə Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondu tərəfindən Şamaxıda ümumilikdə 17-si modul tipli olmaqla yeni 24 məktəb və 6 məktəbəqədər təhsil müəssisəsi inşa edilib və çox sayda təhsil müəssisəsi təmir olunub. Bu fakt rayonun təhsil sahəsindəki göstəricilərə ciddi səviyyədə müsbət təsir edib. Bununla bağlı bütün tədbir iştirakçıları adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.
Ali məktəblərdə gənclərə uğurlar arzulayan və dəyərli tövsiyələr verən natiqlər onların müstəqil Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəklərinə əminliyini bildiriblər.
Tədbirin sonunda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərə təşəkkürnamə və hədiyyələr verilib.