1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür


Xalqımızın taleyinin tərcümanı olan Ana dilimiz  zaman - zaman təziqlər, təhdidlərlə üzləşib. Bütün məhrumiyyətlərə, yasaqlara dözüb və bu günümüzə gəlib çatıb. Tarixi sınaqlardan şərəflə çıxan Azərbaycan dili  həm də, milli dövlətçiliyin yaranması və inkişafında da xüsusi rol oynayıb. Bu baxımdan həm ötən əsrin 70-ci illərində, həm də müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmək yerinə düşərdi. Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Ana dilinin həyatında yeni bir dövr, yeni bir mərhələ başladı. 1995 – ci ildə Ümumxalq səs verməsi ilə qəbul olunan ilk Konstitusiyası Azərbaycan dilinin dövlət dili statusu bərpa olundu. Şübhəsiz ki, bütün bunlar Heydər Əliyevin xalqımıza, dilimizə sonsuz sevgi və məhəbbətinin varis nümunəsi idi.

“DİL ƏDƏBİYYATLA, MƏDƏNİYYƏTLƏ, MƏNƏVİYYATLA BAĞLIDIR. BUNLARSIZ İSƏ VƏTƏNPƏRVƏRLİK FORMULU YOXDUR”
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə  yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil həmdə bir xalqın tarixi, ədəbiyyatı və mədəniyyətidir. Ulu Öndər Heydər Əliyevində dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 1 avqust tarixinin seçilməsi təsadüfü deyildir. Beləki, həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Ulu Öndərin 2001-ci il iyulun 18-də imzaladığı dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında, həmin ilin avqustun 9-da imzaladığı Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında Fərmanlar isə Ana dilimizin qorunması və inkişafı baxımından misilsiz xidmətlərdir.
Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılaraq ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdır. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını reallaşdırdı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi yüksək qiymət bir tərəfdən Ümümmilli liderin doğma dilmizə olan yüksək bağlılığının göstəricisidirsə, digər tərəfdən, bu, həm də dilin cəmiyyətdə üstün mövqeyə malik olduğunu əks etdirir:
 "Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir."
 "Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir."
 “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
“Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
"Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir."
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Ümummilli Lider Heydər Əliyev idi.  İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir.

DİLİMİZƏ SONSUZ SEVGİ VƏ MƏHƏBBƏTİN VARİS NÜMUNƏSİ
...2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə başçısıdır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu.
Dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlılar hansı ölkədə yaşamalarından, hansı dildə danışmalarından asılı olmayaraq öz ana dilini unutmur və bu dili hifz eləyib qoruyur, inkişaf etdirirlər. Bu, bütün türk dünyasının Ümummilli Lideri Heydər Əliyevin öz xalqının övladlarına etdiyi tövsiyələrdən biridir: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Xalqın, millətin öz ana dilindən əziz heç bir şeyi ola bilməz".

“BU GÜN DÜNYADA 50 MİLYONDAN ÇOX İNSAN ÜÇÜN AZƏRBAYCAN DİLİ ANA DİLİDIR”.
Milli dövlətçiliyimizin əsas  institutlarından olan, Azərbaycan dilinin milli- mənəvi siyasi, hüquqi statusunun möhkəmləndirilməsi Prezident İlham Əliyevində daima diqqət mərkəzindədir. Bunu Ana dili onun inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar habelə onların əhatə etdiyi məsələlərin miqyasıda aydın göstərir. 
Azərbaycan dilinin inkişafı ilə bağlı fərman və sərəncamlar
1.        12 yanvar, 2004-cü il – “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”;
2.        14 yanvar, 2004-cü il – “ Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”;
3.        20 dekabr, 2007-ci il – “ Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında”;
4.        May, 2012-ci il – “ Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”;
Şübhəsiz ki, bütün bunlar Ana dilimizin həyatına yeni reallıqlar gətirdi. Qısa müddətdə kütləvi latın qrafikasının keçidi təmin olundu. Nəticədə 150 cildlik dünya ədəbiyyatı kitabxanası, 100 cildlik uşaq dünya ədəbiyyatı kitabxanası, 100 cildlik Azərbaycan ədəbiyyatı kitabxanası seriyasından olan yeni nəşrlər həyata vəsiqə aldı. Azərbaycan milli ensoklopediyasının nəşri və milli ensoklopediyanın binasının istifadəyə verilməsi isə Azərbaycan dilimizin həyatında  mühüm hadisəyə çevrildi. Sözsüz ki, bütün bunlar Ana dilimizin həyatında ciddi hadisə idi və onun hər tərəfli inkişafına böyük təkan verdi. Azərbaycan dilinin nüfuz dairəsi daha da genişləndi. Beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə yol açdı. Dil siyasətinin strateji hədəf kimi qarşıya qoyan dövlət başçısı həm də onun saflığının qorunması, yad təsirlərə məruz qalmaması üçün konkret addımlar atır, buna prinsipial məsələ kimi baxır.
Prezident İlham Əliyev Azərbaycan dili haqqında (06.01.2021)
•         Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir;
•         Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir;
•         Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.

                 DİL HƏR BİR MİLLƏTİN VARLIĞI VƏ TALE MƏSƏLƏSİ,
                 MÖVCUDLUQ VƏ YAŞAM FƏLSƏFƏSİDİR
Prezident İlham Əliyev: “Dünyada gedən qloballaşma prosesləri digər proseslər istər-istəməz bizim dilimizə də təsir edir. Biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə xarici kəlimələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən sözü, istənilən məsələni ifadə etmək mümkündür”.
Dövlət başçısı İlham Əliyevin imzaladığı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə baqlı tədbirlər haqqında fərman da  sözü gedən məsələyə xüsusi diqqət və qayğının təzahürdür. Bir milli kimlik hadisəsi olduğundan keşiyində durmaq onu qorumaq hər kəsdən vətəndaşlıq mövqeyi tələb edir. Çünki, hər bir xalqın dili təkcə həmin xalqa mənsub insanlar arasında ünsiyyət vasitəsi deyil. Həm də daha çox onun tarixi yaddaşı, təfəkkür tərzi, mədəniyyəti, dünya görüşü və psixologiyasının zəngin xəzinəsidir. Bu xəzinəni yad təsirlərdən qorumaq, inkişaf etdirmək gələcək nəsillərə olduğu kimi çatdırmaq qloballaşma şəraitində həmişəkindən daha böyük aktuallıq kəsb edir. Milli mənəvi dəyərləri həmişə ucan tutan dövlət başçısı inkişaf dialektikasını ilk növbədə ana dilinin qorunmasında görür. Bu səbəbdən də qloballaşma şəraitində ona xüsusi önəm verir. 
Prezidentin dövlət dilinin tətbiqinə nəzarət edən KİV-də, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Publik Hüququ Şəxs yaratması da məhz bundan irəli gəlir. Beləliklə, bütün bunlar göstərir ki, dövlət hər zaman ana dilimizin keşiyindədir. Çünki, dil hər bir millətin varlığı və tale məsələsi, mövcudluq və yaşam fəlsəfəsidir. Ona görə də hər birimiz bütövlükdə cəmiyyət ana dilimizi qorumağa borcludur.

Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü eyni zamanda tariximizi yaşatmaqdır. Unutmayaq ki, doğma ana dilimiz dünənimizdən-sabahımıza salınan mənəvi körpüdür.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az