1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür


Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə  yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil həmdə bir xalqın tarixi, ədəbiyyatı və mədəniyyətidir. Ulu öndər Heydər Əliyevində dediyi kimi “Dil ədəbiyyatla, mədəniyyətlə və mənəviyyatla bağlıdır. Bunlarsızsa vətənpərvərlik formulu yoxdur”

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 1 avqust tarixinin seçilməsi təsadüfü deyildir. Beləki, həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Ulu öndərin 2001-ci il iyulun 18-də imzaladığı dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında, həmin ilin avqustun 9-da imzaladığı Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında Fərmanlar isə Ana dilimizin qorunması və inkişafı baxımından misilsiz xidmətlərdir.

Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılaraq ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını reallaşdırdı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.

2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Ümummilli lider Heydər Əliyev idi.  İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi yüksək qiymət bir tərəfdən ümüummilli liderin doğma dilmizə olan yüksək bağlılığının göstəricisidirsə, digər tərəfdən, bu, həm də dilin cəmiyyətdə üstün mövqeyə malik olduğunu əks etdirir:
 -"Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir."
 -"Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir."
 -“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
-Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
-"Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir."

Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə başçısıdır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam oldu.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi.
Dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlılar hansı ölkədə yaşamalarından, hansı dildə danışmalarından asılı olmayaraq öz ana dilini unutmur və bu dili hifz eləyib qoruyur, inkişaf etdirirlər. Bu, bütün türk dünyasının Ümummilli lideri Heydər Əliyevin öz xalqının övladlarına etdiyi tövsiyələrdən biridir: “hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Xalqın, millətin öz ana dilindən əziz heç bir şeyi ola bilməz".

Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü eyni zamanda tariximizi yaşatmaqdır. Unutmayaq ki, doğma ana dilimiz dünənimizdən-sabahımıza salınan mənəvi körpüdür.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az