31 Dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günüdür


“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir” 
                                                                                                    Ümummilli Lider Heydər Əliyev

Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının tarixində ən şərəfli günlərindən biridir. Bu əlamətdar tarix xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirir.

Həmrəylik günü, həm də Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. 
Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhədinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, əslində, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsi bu bayramın qeyd olunması ilə bütün dünyada yaşayan soydaşlarımızın düşüncəsində daha dərin köklər salır və onların gündəlik həyatlarının istiqamətlənməsində müstəsna rol oynayır.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Dünya azərbaycanlılarının həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.
Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. 
2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Bu Qurultay soydaşlarımızın milli şüurunun güclənməsinə, müxtəlif ölkələrdə mövcud olan azərbaycanlı icmaların mütəşəkilliyinin və fəallığının artmasına təsir göstərdi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inlişaf etdirilməsi məqsədilə Xaici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi.             
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.
Prezidenti cənab İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin ilin martın 16-da Bakıda keçirilən növbəti Qurultay xaricdə yaşayan azərbaycanlıların diasporadan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimayyətinə şatdırılması istiqamətində çox böyük rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəsdək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə“ Azərbaycan Respublikasının medalı təsis edildi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor fəaliyyətinə cəlb edilməsi Fondun prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən biri də Azərbaycan diasporunun gənc nümayəndələrinin yay düşərgəsi layihəsi çərçivəsində bir araya gətirilməsidir. Azərbaycan Diasporuna Dəstək Fondu Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, peşəkar və güclü diaspor fəaliyyəti ilə bağlı bilik və səriştənin artırılması, diaspor gənclərinin yerli, milli və beynəlxalq səviyyədə təbliğat, siyasət və qərar qəbuletmə  strukturlarında iştirak potensialının artırılması məqsədilə Avropada yaşayan gənclər üçün Avropa institutları və beyin mərkəzlərində təcrübə proqramı təşkil edib. Azərbaycan Diasporuna Dəstək Fondu bundan sonra da  dünya azərbaycanlılarının şəbəkələşməsi, vahid platforma üzərində cəmləşməsi üçün yeni layihlər reallaşdırmaqda davam edir.
Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.
Hər bir müstəqil dövlətin beynəlxalq nüfuzu və qüdrəti onun ölkə hüdudlarından kənarda formalaşdırdığı diasporun, lobbinin fəaliyyət imkanlarının səviyyəsi ilə ölçülür. Bu amili nəzərə alan xalqlar dünya miqyasında öz mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər.
Türkiyə və Azərbaycan tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstək olmağın ən gözəl nümunələrini göstəriblər.
1994-cü ilin fevralında  Ulu Öndər Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı bu ölkənin Böyük Millət Məclisində etdiyi tarixi çıxış ilə iki ölkənin strateji tərəfdaşlığının ən mükəmməl formulunu səsləndirdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi. Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir.Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıb.Əsrlər boyu tarixin mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışıblar.Lakin buna müvəffəq olmayıblar.Bizim xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə bir-birinə qovuşublar. Bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcək.
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə xalqımızın qürur mənbəyi olaraq tarixdə əbədi qalacaq. Bu qələbə sayəsində üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu qələbənin təmin olunmasını şərtləndirən amillər sırasında xalqımızın birliyi müstəsna rol oynadı. Vətən müharibəsinin başladığı ilk günlərdən ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyaların təmsilçiləri yüksək həmrəylik nümunəsi sərgiləyərək Prezident, Ali Baş Komandan İlham Əliyevə birmənalı dəstəklərini bildirdilər.
 Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi günlərində nümayiş etdirdikləri həmrəylik hər cür xoş sözə layiqdir. Həmin günlərdə erməni diasporunun təsir dairəsinin kifayət qədər güclü olduğu ölkələrin iri şəhərlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin səsləndirildiyi çoxsaylı mitinqlərin, küçə yürüşlərinin keçirilməsinin asan olmadığını təsəvvür etmək çətin deyil. Bir sıra hallarda erməni lobbisinin təsir dairəsində olan yerli hakimiyyət və güc strukturları belə tədbirlərin qarşısını almağa böyük səy göstərirdilər. Lakin diaspor təşkilatlarımız güclü həmrəylik göstərərək planlaşdırdıqları tədbirlərin baş tutmasına nail olurdular. 
44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər xalqımızı daha da sıx birləşdirdi.  Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az