Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında mühüm əhəmiyyət daşıyan əlamətdar bir vaxta- Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümünə təsadüf etdi.
Qırğızıstan Prezidenti Sadır Japarovun Respublika Prezidenti İlham Əliyevlə keçirilən həm təkbətək görüşündə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri müzakirə edildi. Qardaş ölkə rəhbərləri bu münasibətləri intensivləşdirmək əzmində olduqlarını bir daha nümayiş etdirdilər.
Görüşdə Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması məmnunluqla qeyd olundu.
Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı.
Bu tarixi xarakterli mühüm sənədin qəbul edilməsi hər iki tərəfin birgə səylərinin nəticəsi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də mətbuata bəyənatlarla çıxışında da qarşılıqlı əməkdaşlığın qarşıdakı illərdə daha da inkişaf etdiriləcəyi əminliklə ifadə edildi.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və Qırğızıstan dost, qardaş dövətdir: “Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlıq kökləyir. Biz Dövətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”
Cənab Prezidentin mətbuata bəyənatında beynəlxalq təşkilatlarda iki ölkənin hər zaman bir-birini dəstəklədiyi da vurğulandı. Qeyd olundu ki, Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəstəkləyir.
Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın ölkəmizə önəmli köməyini ölkə ictimaiyyəti bu gün də məmnuniyyətlə xatırlayır.
İki qardaş ölkə rəhbərlərinin görüşündə nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməsinin əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, Azərbaycanda yüklərin bütün istiqamətlərə- həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.
Azərbaycan-Qırğızıstan münasibətlərində ticari-iqtisadi əlaqələr mühüm yer tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrıldı. Dövlət başçılarının gəldikləri yekdil qənaət bu oldu ki, ölkələrimiz arasında mövcud olan əmtəə dövriyyəsinin hazırkı səviyyəsi qənaətbəxş hesab oluna bilməz.
Aparılan müzakirələrdə nəqliyyat infrastrukturu mövzusu da diqqət mərkəzində oldu. Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin birləşdirilməsilə bağlı məsələlər ətraflı müzakirə edildi. Bu sahədə artıq kifayət qədər təcrübə toplamış Azərbaycan şirkətləri üçün Qırğızıstan iqtisadiyyatının enerji sektoru böyük maraq kəsb edə bilər. Son bir neçə ildə Azərbaycan şirkətləri müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında böyük təcrübə əldə ediblər. Əlbəttə ki, bu istiqamətdə də səylərin birləşdirilməsi və Azərbaycanın investisiya potensialının Qırğızıstana yönəldilməsi qarşılıqlı fayda verə bilər.
Danışıqlarda kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən bir kimi qeyd olundu. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfəri nəzərdə tutuldu.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri, keçirilən görüşlər ikitərəfli münasibətlərin genişlənməsində əvəzsiz rolu olan ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu faydalı əməkdaşlığın davamıdır.
Varisliyi qoruyub saxladığına görə dövlətimizin başçısına minnətdarlıq edən Qırğız Respublikasının Prezidenti dedi: “Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir”.
Ölkə başçımızın apardığı siyasətin məntiqi nəticəsi olaraq bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan sadəcə regionda deyil, həmçinin də türk dövlətləri arasında da aparıcı rola malikdir.