Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir


Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə görülən işlərə qiymət verdi və qarşıda duran vəzifələri hökumətimizə bəyan etdi. Bu barədə xalqımıza da geniş məlumat verən dövlət başçısı cari ilin birinci rübünün iqtisadi göstəricilərini təhlil edərək, bunu çox müsbət dinamika adlandırdı:   
         
"Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır."

Cənab Prezident nitqində beynəlxalq təşkilatlarla təmasların, fəal əməkdaşlığın davam etdirildiyini və dünyanın aparıcı beynəlxalq təşkilatların yeni reallıqları qəbul etdiyini xüsusi vurğuladı. Qeyd etdi ki, ilk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu.

BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatının Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirməsi də Azərbaycanın uğurlu xarici siyasətidir.

Digər böyük beynəlxalq təşkilat- İslam Əməkdaşlıq Təşkilatı da işğal dövründə dəfələrlə ədalətli, ölkəmizin mövqeyini əks etdirən qərar-qətnamələr qəbul etməsi də bu istiqamətdə görülən uğurlu fəaliyyətinin nəticəsidir.

Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. 

Respublika Prezidenti birmənalı şəkildə bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir.
 
Prezident İlham Əliyev: "Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərdtir."

30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbətini müsbət qiymətləndirən dövlət başçısı bildirdi ki, iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. 3+3 əməkdaşlıq formatının işə düşməsi sevindirici haldır və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. 

Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistanın inkişaf edə bilməyəcəyini, 30 illik işğalçılıq siyasətinin  onların özlərinə baha başa gəldiyini qeyd edən ölkə rəhbəri vurğuladı ki,   Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf üçün isə   ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır. 

Cənab Prezident müşavirədəki nitqində qeyd etdi ki, müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun. Yeni qoşun növü– Komando növü yaradılması bu istiqamətdə çox ciddi irəliləyişdir. Bu qoşun növü istənilən vəzifəni icra edə bilər. 

Dövlətimiz hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrır və bunu davam etdirməkdə qərarlıdır.

Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalı olduğunu hesab edən dövlət başçısı dedi: "Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı." 

Prezident nitqində qeyd etdi ki, Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb. Bu maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Ölkənin iqtisadi göstəricilərinə gəlincə, çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır. 

Ölkənin xarici ticarət dövriyyəsinin 60 faizdən çox olması, ixracın iki dəfə artması, o cümlədən  ölkəmizin qeyri-neft ixracının 45 faiz artması aparılan islahatlar nəticəsində mümkün olub. Buna, həmçinin xarici borcun idarə edilməsi strategiyasının icrası da daxildir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bu, Azərbaycanda ixracın idxalı üstələməsi deməkdir. 

Vergi orqanlarının bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanlarının  200 milyon manatdan çox vergi toplaması dövlət büdcəsi profisitlə icra olunmasını əks etdiruir. 

Bütün nailiyyətlər isə Azərbaycanın daxili gücünün hesabına əldə olunub. 

Prezident İlham Əliyev: "Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar." 

Ölkə rəhbəri qeyd etdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. 

Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər olduğunu qeyd edən dövlət başçısı dedi ki, var. Dünyada ərzaq qıtlığı ola bilər. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri bu səbəbdən ərzaqlıq buğda ilə təminatımızdiqqət mərkəzində olmalıdır. Azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verilib. 

Azad edilmiş torpaqlarda indi böyük əkin işləri aparılır. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılır və kənd təsərrüfatının bu sahəsini bu il 50 min hektara çatdırmaq nəzərdə tutulub. 

Prioritet məsələlərdən biri kimi şəhid ailələrinin- həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələlərinin tezliklə öz həllini tapması üçün bu il və keçən il önəmli addımlar atılmışdır.

Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verildiyini qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə görüləcək işlərdən də danışdı: "Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Burada 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və buprioritet məsələdir."

Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Cari ildə il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.

Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında bu layihələr icra olunub. 

Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür.

Elektrik stansiyalar ilə bağlı perspektiv planlar var. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və tezliklə burada da razılıq əldə olunacaqdır. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir.

Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.

İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Eyni zamanda, o memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa var. 

Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır.

10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir.Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. 

Prezident bildirdi ki, Bərdə-Ağdam dəmir yolunun inşası davam edir. Gələn il bu yol istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir.

Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası 2024-cü ilə planlaşdırılır. 

Dövlət başçısı İlham Əliyev 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi yekun nitqində vurğuladı ki, cari ildə Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Ölkənin yol infrastrukturu surətlə şaxələnir. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. 

Artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Ona görə Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməsi planlaşdırılır. 

Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşıçox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq.Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi.

TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Gəln ay isə  Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət ediliblər. 

Prezident müşavirədə bildirdi ki, suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Bu layihələr elə icra edilməlidir ki, ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun.

Azad edilmiş torpaqların relyefi belədir ki, - xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonası- oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Suqovuşana qayıtmağımız yeni kanallar çəkməyə imkan verəcək. 

Dövlət başçısı onu da qeyd etdi ki, həm Azərbaycan vətəndaşları, həm dünya ermənilərin 30 illik cinayətlərin fəsadlarını bilməlidir. Həkəri çayı- ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər.

İşğal zamanı erməni vəhşiləri Xudafərin- 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarını, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd su anbarlarını tamamilə dağıtmışlar. 

Prezident İlham Əliyev görüləcək işlər sırasında Ağalı kəndilə bağlı həyata keçirilən tikinti işlərindən də söz açdı. Bildirdi ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaq.

Yaxın perspektivdə üç məktəbin inşası bu il başa çatmalıdır- Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Dövlət başçısı əminliklə bildirdi ki, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görülür. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları- bunların hamısı nəzərə alınıb və bütün bu işlər planlı şəkildə yerinə yetiriləcək. Biz istədiyimizə nail olacağıq. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da müntəzəm məlumat veriləcəkdir. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az