Şəhid ailələri və müharibə ailələrinə növbəti mənzillər təqdim olunaraq dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunacaqları bildirildi


Şəhid ailələri və müharibə ailələrinə növbəti mənzillər təqdim olunaraq
dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunacaqları bildirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edərkən kompleksdə yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə etdiyi çıxışında bildirib ki, Vətən müharibəsində qazanılan tarixi qələbəni, tarixi nailiyyəti şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Müzəffər Ali Baş Komandan şəhidlərimizə Allahdan rəhmət diləyib və onların valideynlərinə üz tutaraq deyib: "Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı."
Ölkəmizin rəhbəri görüşdə Azərbaycan mərd oğullarının qəhrəmancasına döyüşüb göstərdikləri şücaətlərdən danışaraq onların ailələrinin, müharibə əlillərinin daim dövlətin qayğısı ilə əhatə olunacaqlarını bildirib.
Ramana qəsəbəsində şəhid ailələri və müharibə ailələrinə təqdim olunan kompleks ümumilikdə 1512 mənzildən ibarətdir. 30 doqquzmərtəbəli binanın yerləşdiyi kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib, ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətbaşçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.
Ramana qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib. Uşaq bağçası, 1200 yerlik məktəb inşa edilib. Yəni, yaşayış üçün bütün imkanlar var. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunaraq təqdim edilib.
Bundan sonra müharibə əllilərinə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.
Dövlət tərəfindən bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib ki, onlardan 1572-sinə təkcə keçən il mənzil verilib. Bu il də 3 minə yaxın mənzil veriləcəyi planlaşdırılıb. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Mənzildən başqa müharibə əlillərinə bugünədək 7200-ə yaxın minik avtomaşını verilib.
Azərbaycan tolerant ölkə olmaqla hər zaman müharibənin tərəfdarı olmadığını, beynəlxaq aləmdə tanınmış ərazilərimizin bizə sülh yolu ilə qaytarılmasının vacib olduğunu bildirsə də, Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti əmin edirdi ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil.
Ermənistanın işğalçılıq məqsədilə apardığı müharibəyə qarşı bizim müharibəmiz azadlıq müharibəsi, ədaləti bərpa edəcək haq mübarizəsi idi. Bu müharibədə haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri vətən torpaqları uğrunda aslan kimi vuruşurdular, torpaqlarımızı işğalçılardan azad etdilər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq.
Biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistanı məqsədyönlü şəkildə bizə qarşı silahlandırır, hətta İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə ilə pulsuz silah gətirilirdi. Bütün yardım və dəstəklərə baxmayaraq Şanlı Ordumuz onlara tarixi dərs verdi, bütün havadarlarının gözü qarşısında onları utancverici məğlubiyyətə uğratdı. Biz özümüz güclü ordu yaratmışıq, bundan sonra da ordumuz daha da güclənəcəkdir.
Müharibədə acı məğlubiyyətə uğratdığımız Ermənistanda bu gün xaos hökm sürür, ölkə iqtisadiyyat tənəzzülə uğrayıb. Onlar başa düşməli idilər ki, bizim torpaqlarımızı işğalda saxlaya bilməzlər, bir gün rəvac verəcəkləri müharibə onların sonu olacaq. Bu gün baş verən hadisələr barədə Ermənistanın nə dövlətinə, nə əhalisinə yaxşı heç nə vəd etmir. Əksinə onlar özlərini məhvə məhkum etdilər.
Bizdə isə əksinə olaraq xalq-iqtidar birliyi var, bu birlik bizi işıqlı gələcəyə aparır, dövlətimizi daha da gücləndirir.
Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı adı tariximizin ən şanlı səhifələrindən birini yazdı. Dərindən düşünülmüş hərbi strategiya və döyüş taktikası, hərbi əməliyyatların Ali Baş Komandanın yüksək peşəkarlıqla idarə etməsi öz nəticəsini verdi - 44 günlük zəfər yürüşü rəşadətli Ordumuzun qələbəsi ilə başa çatdı. Vətən müharibəsində əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdi, qanları ilə əzəli yurd yerlərimizin azadlığa qovuşdurdu. Vətən uğrunda canından keçmiş şəhidlərimizin yaxınları və müharibə əliləri həmişə olduğu kimi dövlətimiz tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar.
Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən oğullarının ailələrinə, müharibə əlilləri və iştirakçılarına respublikamızın bütün bölgələrində olduğu kimi Şamaxıda da yüksək diqqət göstərilir. Rayon rəhbərliyi tərəfindən onlar tam qayğı ilə əhatə olunublar. RİH-nin başçısı şəhid ailələri, müharibə əlilləri və veteranlarla müntəzəm olaraq görüşür, onların qayğılarını, problemlərini öyrənib, yerindəcə müvafiq struktur rəhbərlərinə həmin məsələlərin həlli üçün tapşırıqlar verir.
Rayon icra hakimiyyəti tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin daha səmərəli təşkili istiqamətində yeni, müvafiq addımlar atırlır. Rayon icra hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə də məhz Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.
Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulacaq, onların hünər dolu ömür yolu gəncliyə əsl vətənpərvərlik nümunəsi olacaqdır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az