Nəsimi yaradıcılığında kamil insan obrazı





Böyük Azərbaycan şairi Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-cu il, Şamaxı - 1417-ci il, Hələb) ilk təhsilini Şamaxıda almışdı. Haqqında bizə çatan mənbələrdən məlum olur ki, o, dövrünün elmlərinə mükəmməl yiyələnmişdi. Odur ki, məntiqə, riyaziyyat və astronomiyaya, dini elmlərə dərindən bələd idi.
Azərbaycanın klassik ustad şairi Nəsiminin böyüdüyü, boya-başa çatdığı mühit, onun gələcək taleyinin müəyyənləşməsində mühüm rol oynamışdır. O dövr Şamaxıda dünyəvi və dini elmi bilikləri yüksək səviyyədə tədris edilən təhsil ocaqları- çoxlu məktəb, mədrəsə vardı, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi, Bundan əlavə, həmin dövrdə Şamaxıda zəngin ictimai və şəxsi kitabxanalar vardı. Məlhəm elm ocağı kimi tanınırdı. Bu kənddə məşhur şair Xaqani Şirvaninin əmisi- alim və həkim Kafiəddinin yaratdığı Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçmişdi. Müxtəlif elmi biliklərə sahib omaqla yanaşı, doğma Azərbaycan dilindən başqa, ərəb, fars dillərini də mükəmməl öyrənmiş, həmin dillərdə qüdrətli poeziya nümunələri yaratmışdır.
Şairin azərbaycanca yazdığı şeirlər dil zənginliyi, xalq nitqinə yaxınlığı ilə bərabər, yüksək bədii məziyyətləri ilə seçilir.
Nəsimi XIV əsrin sonlarından Azərbaycanda geniş yayılan “Hürufi” sufi təriqətinə qoşulmuş və bu təriqətin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanımmış simalarından birinə çevrilmiş, şeirləri bu coğrafiyada geniş yayılmışdır.
Seyid İmadəddin Nəsiminin yaradıcılığında İnsana böyük dəyər verdiyinin şahidi oluruq. Onun fəlsəfi düşüncəsində Allah İnsanın üzündə təcəlla tapıb, onun vasitəsilə təzahür edir. Bu səbəbdən də insan ən ali, ülvi varlıqdır.
Nəsiminin söylədiyi Ənəlhəqq (mənəm Allah) deyimində sözün həqiqi mənasında deyil, məcaz kimi qəbul edilir:
Səcdəgah etmişdi eşq əhli qaşın mehribanı,
Qılmadan xeyli məlayik səcdeyi-Adəm hənuz.
(İnsana səcdəyə gəlməyən mələk bu ilk insanın fəzilətlərindən xəbərsizmiş).
Nəsimi poeziyasında İnsanın bəşəri keyfiyyətlərinin ülviliyi qırmızı xətt kimi keçir. Öz şəxsində ifadə etdiyi bu keyyfiyyətləri poetik səviyyəyə yüksəldir.
Mən mülki-cəhan, cəhan mənəm, mən,
Mən ərşi-məkan, məkan mənəm, mən.
-Beləliklə, insan şairin mənində kainata sığmazlıq ifadısini- ölçüyəgəlməz böyüklüyünün ifadəsini tapır.
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam.
...Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü-gümana sığmazam.
...Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətiqifeyi ki, mən dəhrü-zəmanə sığmazam.
...Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətə, şanə sığmazam.
Nəsimiyə görə, bəşəri olan həqiqət insana məxsusdur, deməli, o, həqiqətin keşikçisidir- Həqdir.
Ey könül, həq səndədir, həq səndədir,
Bulmuşam həqi, ənəl-həq səndədir,
Həq bənəm, həq bəndədir, həq söylərəm.
-Nəsimi öz həqiqətini, inamını, işıqlı ideaalını yalnız bu möhtəşəm misraları ilə ifadə etmir, həm də mübarizliyini əsrlərdir dillərə dastan olan ölüm ilə də təsdiq edir.
Böyük şairin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlanan məşhur şeiri onun, həm də İnsanın real simasının mükəmməl əksidir. Nəsiminin ən ali varlıq hesab etdiyi İnsan cahana və zamana sığmır:
-Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm.
Orta əsr klassik Azərbaycan lirikasına nəzər salan mütəxəssislər Nəsiminin şeirlərini İnsanın qüdrəti haqqında himnə bənzədirlər. Onun yaratdığı nümunələrdə İnsan kamilliyinin böyük eşqlə tərənnümü var:
-Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi,
Şəmi-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi.
...Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim,
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.
... Ey bu şeyda könlümün halın soran hər dəm mana,
Dərdini bildirməz ol, eşqin oduna yanəsi.
...Buldu ləlindən Nəsimi nəfxeyi-ruhulqüdüs,
Ey Nəsiminin həyatı, canımın cananəsi.
İnsan qüdrətinin tərənnümündən "yoğrulan" bu misralarda ilahi varlıq səviyyəsinə yüksəltdiyi İnsan mənəvi kamilliyin ifadəsidir.
Nəsimi poeziyasında həyat fəlsəfəsi və mübarizə ruhu var. Şairə görə, kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasıdır. Odur ki, insanı kamilliyə aparan yol, ilk növbədə, özünüdərkdən keçir. Nəsiminin özünüdərk "aynasında" İnsan ilahi varlıq ucalığna yüksəlmək üçün həqiqət aşiqi olmalıdır.
Seyid İmadədin Nəsiminin bədii dilin sadəliyi zənginliyi və aydınlığı ilə də Azərbaycan poeziyasının inciləri sərasındadır. Onun poeziyası xəlqidir, anlaşıqlıdır, dilimizin geniş imkanlarını əks etdirir:
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.
...Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,
Dürüm, mirvaridim, kanım, əqiqim, lə'lü mərcanım.
Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,
Xudavəndim, cahandarım, əmirim, şahü sultanım.
Çırağım, şəm'imü nurim, ziyamü yıldızım, şəmsim,
Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-xoşəlhanım!
Həyata insanlığa sevgilə süslənən, dərin fəlsəfi məzmunlu Nəsimi poeziyasını dərk etmək üçün "quş dilini" bilmək lazımdır. Yoxsa, kamillik arzusunda olan İnsan həqiqət işığına qovuşmaqdan uzaq düşər:
Canan mənim sevdiyim can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.
…Abdal oluban bəylik edən arifi gör kim,
Bu səltənətin qədrini sultan bilir ancaq.
…Könlüm gəmisin qərq edə gör eşq dənizinə
Kim, bu dənizin bəhrini ümman bilir ancaq.
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu, quş dilidir,bunu Süleyman bilir ancaq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az