Prezident cənab İlham Əliyev ölkəmizin müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib


Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqət mərkəzindədir. 

Fevralın 13-də Azərbaycan növbəti dəfə çox mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıdakı "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mötəbər tədbirdə İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso, "Ansaldo Energia" şirkətinin prezidenti Cuzeppe Marino və Çinin "Dongfang" şirkətinin baş direktoru Çen Xuacye iştirak edib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək bildirib: "...Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq".
Yeni stansiyanın açılışı 2025-ci ildə nəzərdə tutulur. Onu da qetd edək ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Mərasimdəki çıxışında ölkə rəhbəri qeyd edib ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olub: "Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur."
Dövlətimizin başçısı ümumi generasiya gücü 2400 meqavat olan stansiyanın mühüm əhəmiyyətinə diqqət çəkərək bildirdi ki, bu, ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.
Prezident İlham Əliyev mərasimdəki çıxışında Mingəçevir Elektrik Stansiyasının yenidən qurulmasının dövlət üçün prioritet məsələlər sırasına çıxarılmasının səbəblərinə də aydınlıq gətirib və qeyd edib ki, illər keçdikcə istənilən infrastrukturun köhnəlməsi təbiidir və buna görə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamasına göstəriş verib: "Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur."
Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir.
Prezident İlham Əliyev Mingəçevir Elektrik Stansiyasının İkinci Qarabağ müharibəsi zamanındakı önəminə də diqqət çəkib və bildirib ki, o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.
Beləliklə, döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq kimi mənfur niyyətini həyata keçirə bilmədi. 
Dövlətimizin başçısının çıxışında diqqət çəkən məqamlardan biri də  Mingəçevir şəhərinin Azərbaycanın və bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrünün başlanmasının qeyd olunmasıdır: "...Təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır."
İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu bir vaxtda ölkəmizin Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsidir. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. 
Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə- 2 milyon ton azalacağı praqnozlaşdırılır ki, bu da ətraf mühitin qorunmasına çox böyük töhfədir. 
Dövlətimizin başçısı çıxışında mərasim iştirakçılarını stansiyanın tikintisi ilə bağlı da məlumatlandırıb və deyib ki, bu işlər Azərbaycanın daxili resursları çərçivəsində aparılacaq. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbisəmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür.
Ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. 
Diqqət çəkən məqamlardan biri də budur ki, stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək.
Prezident İlham Əliyev bu stansiyanın inşasında İtaliya şirkətinin iştirakının təsadüf olmadığını vurğulayıb: "İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir."
Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.
Azərbaycanın yaşıl enerji potensialı da bu gün Avropa bazarı üçün çox cəlbedicidir və bu potensial Avropa ölkələri üçün yeni imkanlar açacaqdır. 
Prezident İlham Əliyev: "...İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir."
Prezident İlham Əliyevin çıxışından o da məlum olub ki, Azərbaycanın indiki iqtisadi və sənaye inkişafını şərtləndirən əsas amillərdən biri, məhz ölkəmizdə bütövlükdə elektroenergetika sahəsidə son illər ərzində qazanılan uğurlardır. Deyilənləri təsdiq edən bir fakt: Azərbaycanın generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.
Dövlətimizin başçısı bildirib ki, elektroenergetika sahəsi dövlətimiz üçün prioritet olaraq qalır: "Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya inşa edilmişdir, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni, biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq." 
Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial olduğunu vurğulayan dövlət başçısı hazırda iki stansiyanın inşa edildiyini qeyd edib- 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az