Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı dövlətimizin başçısı öz fikrini belə davam etdirib: “Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir.”
Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
Dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar.Həmçinin ölkə başçısı Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub və Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb. Azərbaycanın dövlət başçısının Kəlbəcərdə, Laçında çıxışları, verdiyi ismarıclar dövlətimizin əldə etdiyi nəticələri, malik olduğumuz gücü ifadə edir.
Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi, 30 il ərzində ermənilər tərəfindən darmadağın edilən torpaqlarda abadlıq və quruculuq işlərinin başlanılması dövlət başçısının bu məsələlərə mühüm əhəmiyyət verdiyinin sübutudur.
Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və orada Azərbaycanın üçrəngli bayrağını dalğalandırması bir daha düşmənin bizi amalımızdan döndərə bilməyəcəyinin sübutu idi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var.
Səfərin iqtisadi strateji istiqamətləri xüsusi diqqət çəkir: -Birinci növbədə, Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır. Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq, regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir. Bu da ölkəmizin və o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir. Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək. Müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcərə səfəri bir daha təsdiq edir ki, artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar.
“CNN Türk” kanalına müsahibəsində açıq mesajlar verən Prezident İlham Əliyevin sonra Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsidir.
Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı.
Son səfər həm də təsdiq edir ki, kifayət qədər həsas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığımız zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək.
Kəlbəcərin azad edilməsini tarixi hadisə adlandıran dövlət başçısı deyib: “Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. Çünki 1992-ci ilin bahar-yay aylarından onlar demək olar ki, hakimiyyətdə idilər və bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idilər. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir.”
Bu isə düşmənə mənfur planlarını həyata keçirməyə şərait yaratdı. Sonrakı illərdə də Ermənistanda belə düşünürdülər ki, zəbt edilmiş torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Ancaq ümummilli lider Heydər Əliyevin müdrikliyi, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti düşmənin arzularını və planlarını alt-üst etdi.
Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı dedi: “Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”
Dövlətimizin başçısı səfər zamanı bir sıra mühüm obyektlərin açılışını etdi. Çox əhəmiyyətli obyektlərin təməlini qoydu. Bu sahədə perspektiv planlarlar da məlum oldu:
Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq.
Cənab Prezident bildirdi ki, yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir.
Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir.
Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək.
Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi.
Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq.