Martın 14-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıb, 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib:
"DÜŞÜNÜRƏM KI, QLOBAL BAKI FORUMU DAVOS DÜNYA İQTİSADİ FORUMU VƏ MÜNXEN TƏHLÜKƏSİZLİK KONFRANSI QƏDƏR VACİBDIR".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək qeyd edib ki, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib….
Əfsuslar olsun ki, bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu, səbəbini isə mən artıq izah etdim. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. İndi baş verən də məhz budur. İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq.
“CƏNUBİ QAFQAZIN MÜSTƏQİLLİK TARİXİNDƏ HEÇ VAXT SÜLH BU QƏDƏR YAXIN OLMAYIB”.
Prezident İlham Əliyev onuda vurğulayıb ki,Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik.
Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır. Bu rəsmi Parisin ikili yanaşmasının nəticəsidir.
Prezident İlham Əliyev Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat olduğunu bildirib.
1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub.
“FRANSADA, AZƏRBAYCANIN ŞƏHƏRLƏRİNİN BİRİ İLƏ QARDAŞLAŞMIŞ EVIAN ŞƏHƏRİNDƏ VANDALİZM AKTI BAŞ VERDİ”.
Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni, etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.
Dövlət başçısı İlham Əliyev Fransanın Evian şəhərində Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktından da danışdı və qonaqlara üzərinə qırmızı boya tökülmüş və ziyan vurulmuş heykəlin şəkillərini nümayiş etdirdi. Bütün bu baş verənlərin normal dərk etməyin mümkün olmadığını bildirdi. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi.
Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Xurşidbanu Natəvanın abidəsi oradadır.
“COP29 BİZƏ ONU NÜMAYİŞ ETDİRMƏYƏ İMKAN VERƏCƏKDİR KI, MÜSTƏQİL YAŞAYAN VƏ HEÇ KƏSDƏN ASILI OLMAYAN BİR ÖLKƏ UĞURLA İNKIŞAF EDƏ BİLƏR”.
Beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşamış oldu. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrinin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi statusa malik olması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. "Biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilat daxilində çox səmimi ab-hava yaratdıq". Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq".
Əlbəttə ki, Forum, əslində, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün müvafiq bir məkandır, multilateralizm böhranının aradan qaldırılmasına xidmət edə bilər. Belə tədbirlər xalqlar arasında körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviqində olduqca əhəmiyyətlidir.