Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında yüksək səviyyədə keçirilən “Türkdilli xalqların elmi-mədəni əlaqələri müasir mərhələdə: tarixi ənənə və perspektivlər” Respublika elmi konfransı uğurla başa çatdı


Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Türkdilli xalqların elmi-mədəni əlaqələri müasir mərhələdə:tarixi ənənə və perspektivlər” Respublika elmi konfransı 29-30 oktyabr 2021-ci il tarixlərində ADPU-nun Şamaxı filialında keçirildi. Pandemiya şəraiti nəzərə alınaraq konfransda məqalə ilə çıxış edən və eləcə də dəvət olunmuş qonaqlar onlayn, filial əməkdaşları isə oflayn formatda konfransda iştirak edirdilər.
           Konfrasdan əvvəl filialın kollektivi və Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər söbəsinin müdiri Mehriban Eyubova Şamaxı rayon mərkəzində yerləşən Heydər Əliyev parkında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzdülər. 
44 günlük Vətən müharibəsində şəhid olmuş Vətən övladlarının məzarlarını ziyarək etməyi də özlərinə borc bilən kollektiv Şəhidlər Xiyabanını da ziyarət etdilər, şəhidlərimizin ruhuna dualar oxundu və məzarları üzərinə gül dəstələri düzüldü.
Konfransın keçirildiyi günlərdə mövzuya uyğun olaraq filialın həyətyanı sahəsində türkdilli xalqların mədəniyyətini əks etdirən kompozisiya nümayiş olunurdu. Konfransa oflayn formada qoşulmuş iştirakçılar həmin kompozisiyaya maraqla baxdılar.
  Respublika elmi konfransının plenar iclası Azərbacan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. 
Konfransı giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova konfransın fəxri qonaqlarını, eləcə də digər iştirakçıları filialın bütün kollektivi adından salamlayaraq, onlara dərin hörmət və ehtiramını bildirdi. T.Yusifova bildirdi ki, artıq son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetilə birgə təşkil edilən bu üçüncü mötəbər konfrans həm də çox əlamətdar günlər ərəfəsinə təsadüf edir. Belə ki, yaxın günlərdə bütün dünya azərbaycanlıları Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı ilə mənfur düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunduğu Qələbə gününü qeyd edəcək. Bu məqamda Vətən uğrunda canlarından keçib, Şəhidlik zirvəsinə yüksələrək Qələbə sevincini bizə yaşatmış Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
       Sonra T.Yusifova daha bir əlamətdar gün kimi yaxın günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100, onun Şəki, Quba,Şamaxı filiallarının 30 illik yubileylərinin böyük təntənə ilə qeyd ediləcəyini və 29 oktyabrda eyni zamanda qardaş Türkiyə Respublikasının Cumhuriyyət bayramının qeyd edildiyini bildirdi. O, bu münasibətlə qardaş Türk xalqını təbrik etdi.
T.Yusifova çıxışında Respublika elmi konfransının aktuallığını da qeyd edərək bildirdi ki, türkdilli xalqlar özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə saysız töhfələr vermiş, onu zənginləşdirmişlər. Gələcəkdə türk xalqları arasında siyasi, iqtisadi, mənəvi, hərbi, mədəni əlaqələrin daha yüksək səviyyədə yaranıb bərqərar olması üçün bu yöndə mənəvi prinsiplərimizi inkişaf etdirməliyik­­­­­­­­­­­­­­­. Vurğulandı ki, bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, yəni Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdı və Türk Şurasının fəaliyyət planında “Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi” planını nəzərə alsaq konfransın aktuallığını bir daha görmüş olarıq.
Tünzalə Yusifova eyni zamanda konfransda bəzi mühüm səbəblərdən iştirak edə bilməyən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı hörmətli Tahir Məmmədovun da salamlarını və   konfransın işinə uğurlar arzuladığını iştirakçılara çatdırdı. Qeyd olundu ki, Tahir Məmmədov Şamaxı rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunduğu ilk günlərdən rayonun digər təhsil sahələrinə olduğu kimi, yerəşdiyi bölgədə yeganə ali təhsil müəssisəsi olaraq ADPU-nun Şamaxı filialına da daim öz diqqət və qayğısını göstərməkdədir.
Sonra Respublika elmi konfransının Plenar iclasında çıxış etmək üçün Fəxri qonaqlara söz verildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov konfrans iştirakçılarını ADPU-nun rektoru, hörmətli professor Cəfər Cəfərovun adından salamladı. Professor Asəf Zamanov konfransın bu gün üçün aktuallığını vurğulayaraq, onun Türk Xalq Cümhuriyyətinin yaranması gününə təsadüf etməsini mühüm amil kimi qiymətləndirdi və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Türk Zirvə Toplantılarının türkdilli xalqların iqtisadi, siyasi, mədəni, elmi əlaqələrinin inkişafında oynadığı roldan bəhs etdi. Bu baxımdan Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanan “Şuşa bəyannaməsi”nin tarixi rolu qeyd olundu. 
 Milli Məclisin Şamaxı rayon üzrə Millət Vəkili Tamam xanım Cəfərova konfransın öz aktuallığı ilə seçildiyini qeyd edərək bildirdi ki, bu gün Azərbaycan dövləti öz ənənəsinə sadiq qalaraq qardaş Türkiyə dövləti ilə, eyni zamanda türkdilli digər xalqlarla həm mədəni, həm də siyasi əlaqələrini genişləndirərək bir çox problemlərin həllində birlikdə çalışır. Tamam xanım onu da qeyd etdi ki, Azərbaycan-Türkiyə dostluğuna tay olacaq ikinci nümunə yoxdur. Çünki bu dostluq yalnız siyasi maraqlar üzərində deyil, qardaşlıq münasibətləri üzərində qurulmuşdur. Bu kimi konfranslarla biz bir daha bu dostluğun tarixinə nəzər salırıq.
            AMEA-nın Folklor İnstitutunun direktoru, Akademik Muxtar İmanov öz çıxışında konfransın mövzusunun türkdilli xalqların dünəninə, bu gününə, sabahına baxışları nümayiş etdirdiyini vurğulayaraq, Türk xalqlarının tarixən dəyərlərinə, dillərinə, mədəniyyətlərinə, dövlətçilik ənənələrinə sadiq qaldıqlarını bildirdi. 
         Qardaş Türkiyə Respublikasından konfransa qoşulmuş qonaqlardan- Amasiya Universitetindən Dosent. Doktor. Mətin Haqverdioğlu və Aydın Adnan Menderes Universitetindən Asistant Professor Doktor Ahmet Aytaç konfransa qatıldıqlarından məmnunluq hissi duyduqlarını bildirərək öz çıxışlarını bölmə iclaslarında davam etdirdilər.
 Filialda keçirilən bütün tədbirlərdə olduğu kimi bu konfransda da filialın tələbələri öz töhfələri ilə konfransa rəng qatdılar. Bu dəfə plenar iclasda tələbələrin hazırladıqları Xalq şairi Zəlimxan Yaqubun “Dünya türkün olacaq” şeir kompozisiyası və türk dövlətlərinin himnlərindən ibarət videoçarx təqdim olundu və konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. 
   Plenar iclas bitdikdən qısa fasilə sonra konfrans öz işini “Elm sahəsində əməkdaşlığın perspektivləri: qüvvət elmdədir”,  “Türk xalqlarının ədəbi-mədəni abidələri: tarix və müasirlik” və “Türk dillərinin qorunması və inkişafı məsələləri” bölmələrində davam etdirildi. Bölmə iclasları öz işini 30 oktyabr tarixində günün birinci yarısında da davam etdirdi və günün ikinci yarısında bölmə iclası rəhbərlərinin hesabatı dinlənildi.
Qeyd edək ki, bölmə rəhbərləri prof. İbrahim Bayramov, prof. Oktay Sultanov, prof. Elman Quliyev, dos. Mayıl Alcanov, p.ü.f.d Firidə Mustafayeva, f.ü.f.d. Eyvaz Eminaliyev hesabat məruzəsi ilə çıxış edərək, bölmə iclaslarında 100-ə yaxın çox aktual və maraqlı məqalələr üzrə çıxışların olduğunu bildirdilər. Bölmə rəhbərləri hibrid formada təşkil olunan konfransın mükəmməl təşkilatçılığına görə filialın rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər. 
Beləliklə, yüksək səviyyəli tədbirlərə ev sahibliyi etmiş ADPU-nun Şamaxı filialında növbəti konfrans uğurla yekunlaşdı.

ADPU-nun Şamaxı filialının Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az