"2023-cü il Heydər Əliyev ili"dir



2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir.

Sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir."

Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdi. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Sərəncamda deyilir: "Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir."

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsində kifayət qədər xidmətləri olan dövlət başçısı olub. Hələ Sovet dövründə hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərmək məhz Ulu Öndərin adı ilə bağlıdır. Təsadüfi deyil ki, nüfuzlu ali məktəblərə göndərilən tələbələr mütəxəssis kimi yetişir və böyük əksəriyyəti yenidən Azərbaycana qayıdırdı. Ümummilli Liderin təhsil sahəsində ən böyük xidmətlərindən biri də Azərbaycanda olan ali məktəblərin sayını artırması oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin və Azərbaycan tarixinin tədrisi ilə bağlı Sovet dövrünün bütün çətinliklərinə baxmayaraq lazım olanı etdi. Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycana gəldikdən sonra da təhsil sahəsində kifayət qədər fərman və sərəncamların verilməsinə nail oldu.

Sərəncamda deyilir: "Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir." 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən qu­ruldu. Dövlətçiliyin əsasları yaradıldı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demok­ratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Sərəncamda deyilir: "Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir." 

Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az