Cari ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilməsi ölkəmizin ictimai həyatında böyük maraqla qarşılandı və gələcəkdə Qərbi Azərbaycandan olan soydaşlarımızın, onların yaxınlarının, uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacağına ümidlərimizi artırdı.
İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.
Dövlətimizin başçısı İcmanın ziyalıları ilə görüşdə deyib: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar."
Prezident İlham Əliyev bunu deməyə əsas verən bir sıra amilləri qeyd edib və bildirib ki, bunun ən önəmlisi xalqımızın tarixi yaddaşıdır: "Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar."
Dövlətimzin başçısı məqsədə çatmaq üçün hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
Xalqımızın əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərməsinə baxmayaraq tarixin müxtəlif vaxtlarında soydaşlarımızın öz doğma torpaqlarından məhrum edilməsini xüsusi vurğulayan Prezident İlham Əliyev XX əsrdə xalqımızın çox böyük faciələr yaşadığını görüş iştirakçılarının diqqətinə çatdırıb: "1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi- İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik."
Tarixi həqiqətlər ondan ibarətdir ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.
1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərik düşüncəsi çox böyük səhv və kökündən yanlış idi. Zəngəzurun Ermənistana verilməsi bir daha bunu göstərdi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.
Ölkə başçısı qeyd edib ki, bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur.
1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi.
Prezident İlham Əliyev: "Nəhayət, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik- 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi."
Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldıqdan sonra Qarabağda da xalqımıza qarşı cinayət törədildi. Soydaşlarımız öz doğma yurdlarından minbir işgəncə ilə qovuldular. Onlara qarşı amansız qətllər tördildi, xalqımıza Xocalı soyqırımını yaşatdılar.
Respublika Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə 2020-ci il avqustun 27-də başlanan əks-hücum əməliyyatı xalqımızın Zəfəri ilə başa çatdı. Sarsılmaz iqtidar-xalq-ordu birliyi düşməni diz çökdürdü, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Azad etdiyimiz torpaqlarda erməni vəhşilikləri göz önündədir. Amma qurucu xalqımız dağıntıları aradan qaldırır, əzəli yurd yerlərimizə yenidən həyat gətirir.
Təssüf doğuran o idi ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. İki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.
Ona görə də dövlətimizin başçısı bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməsini vacib sayıb.
İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır.
Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük- deyən Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. O, daha sonra eynisini Qərbi Azərbaycanda da görəcəyimizə əminliyini ifadə edib.
Dövlətimizin başçısı nitqində Azərbaycan-Ermənistan sərhədində məcburən keçirilməli olduğumuz hərbi əməliyyatdan da söz açıb və bildirib ki, bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq.
Prezident İlham Əliyev: "Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz."
Prezident İlham Əliyev nitqində Laçın yolunda baş verən hadisələrə də toxunub və bildirib ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına başlasalar da amma hələ ki, bir şey əldə edə bilmirlər: "...Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir."
Dövlətimizin başçısı əminliklə söyləyib ki, bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.
Dövlətimizin başçısı bildirib ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq.
Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. Dünya ictimaiyyətinə çatdırılmalıdır ki, İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi, Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.
İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq.
Qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplum kimi Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik.
Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.
İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir.
Bütün başqa millətləri qovub, başqasının torpağında özləri üçün dövlət quran Ermənistanla bağlı tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır.
Dövlət başçısı hesab edir ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır.
Demokratik dəyərlərə və milli adətlərə daim sadiq qalan Prezident İlham Əliyev öz ad günlərini xalqı ilə birlikdə keçirir. Prezident İlham Əliyev əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olub və bu günü ailə üzvləri ilə qeyd edir. İcma üzvləri ilə görüşdə Dövlət Başçısı deyib: “Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm.”
11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olanda Prezident İlham Əliyev demişdir: “Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm” – və o gün gəldi. Ona görə də Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda da gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.
Ulu Öndər Heydər Əliyevin nitqlərində Qərbi Azərbaycan mövzusu.
- “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.” - 23.02.1994-cü il, Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı;
- “Mən həmişə belə fikirdə olmuşam. Azərbaycan Prezidenti kimi də bunu dəfələrlə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik. Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, o cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da.” - 01.04.1996-cı il, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşü;
- “Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır” - 27.05.1997-ci il, Milli bayram – Respublika Günü münasibətilə təntənəli yığıncaqda nitqi;
- “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.” -10.12.1998-ci il, “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumu zamanı çıxışı;
- “Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni.” - 15.02.2000-ci il, ConsHopkins Vaşinqton Universitetində görüşdə nitqi;
- “Təbiidir ki, Azərbaycan torpaqlarının hamısı Azərbaycana məxsusdur. Hətta indiki Ermənistan ərazisində olan torpaqların da böyük bir qismi Azərbaycana məxsusdur. Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə orada yaşayanların tam əksəriyyəti, çoxu azərbaycanlılar olublar. Amma Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda belə bölüblər, Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər.” - 23.08.2000-ci il, Türkiyənin dövlət naziri AbdulhalukMehmet Çayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü;
- “XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir.” - 17.06.2002-ci il, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşü.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqlərində
Qərbi Azərbaycan mövzusu.
- “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.” - 29.03.2005-ci il, “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə Azərbaycan xalqına müraciəti;
- “İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər.” - 17.01.2008-ci il, Ağdam rayonunun Quzanlı qəsəbəsindəOlimpiya İdman Kompleksinin açılış mərasimi;
- “Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur.” - 16.09.2010-cu il, İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı;
- “Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərindəqurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır.” - 07.11.2010-cu il, Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenantFərid Əhmədovun vida mərasimi;
- “Xəritəyə baxsaq görərik ki, vaxtilə ZəngəzuruAzərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir.” - 05.07.2011-ci il, Dünya Azərbaycanlılarının III qurultayı;
- “Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır.” - 31.12.2012-ci il, Dünya azərbaycanlılarının həmrəyliyi günü vəYeni il münasibətilə təbrik nitqi;
- “...bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir.” - 10.04.2015-ci il, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafınınyekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas;
- “Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər.” - 11.09.2015-ci il, Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti;
- “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.” - 08.02.2018-ci il, Yeni Azərbaycan Partiyasının VI qurultayı;
- “Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı.” - 15.10.2019-cu il, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü;
- “Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir. Ermənilərin bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. İrəvanla bağlı da məsələ eynidir.” - 13.07.2021-ci il, “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans;
- “Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır.” - 22.04.2022-ci il, Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı;
- “1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.” - 27.05.2022-ci il, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi.