Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr- Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışında çıxış edib


Prezident İlham Əliyev xatirə lövhəsinin açılış mərasimində Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən, tarixi qələbəmizdə şəhidlərin rolundan, Qarabağda aparılan quruculuq işlərindən danışıb. 

Dövlət başçısı torpaqlarımızın azadlığı və bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının hünərini böyük minnətdarlıq hissi ilə qeyd edib və bildirib ki,  bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı səhifə kimi daxil oldu. Bütün gücünü səfərbər edib, yumruq kimi birləşən xalqımız düşməni doğma torpaqlarımızdan qovması, həm də birliyimizin, həmrəyliyimizin təntənəsi demək idi. 

Ötən il 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə sona çatdıran Azərbaycan, hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün ciddi çalışır, geniş spektrli infrastruktur layihələr reallaşdırır. Vəhşi düşmən otuz il ərzində işğal etdiyi torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Buna baxmayaraq Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, bəzilərinin başa çatdırılması,  hazırda da işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiq edir. 

Prezident İlham Əliyev xalqımızın fədakar əzmini vurğulayaraq deyib: "Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq."

Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında abidənin ucaldılması, əlbəttə, təsadüfi deyil. Dövlət başçısı bildirib ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı- Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri- Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.

Xalqımıza Böyük Zəfəri qazandıran başlıca amillərdən də elə biri bu idi- əsgər və zabitlərimizin yenilməzliyi, cəsarəti, tükənməz Vətən sevgisi, qələbəyə sonsuz inamı. Rəşadətli Ordumuz götürdüyü müqəddəs vədin, böyük məsuliyyətin fərqində idi. 44 günlük müharibənin gedişində bir an da olsun ruhdan düşmədi, əksinə, Böyük Zəfərə daha inamla, daha cəsarətlə yürüdü. 

Prezident İlham Əliyev əsgər və zabitlərimizdəki sonsuz ruh yüksəkliyini çıxışında belə xarakterizə edib: "44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur."

Qələbəyə aparan 44 günlük yolda qəhrəman ordumuz 300-ə yaxın şəhər və kəndi düşməndən azad etdi. Belə hərbi uğur zaman baxımından, həm də Ordunun peşəkarlığı baxımından dünya hərb tarixində az-az rast gəlinir. 

Vətən müharibəsinin başlanmasından iki il ötür və həmin gün bütün ağrıları, itkiləri ilə bərabər, xalqımızın şərəf və ləyaqətinin özünə qaytarılmasında əvəzsiz, heç vaxt unudulmayacaq, daim xatılanacaq və Böyük Zəfərə aparan yolun başlandığı gün kimi böyük ehtiramla anılacaq bir gündür. 

Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr- Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışında etdiyi çıxışda "Biz xoşbəxt nəsilik" deyib: "Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq."

Dövlət başçısı bu günü, həm də And Günü kimi dəyərləndirib  və deyib ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır."


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az