Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etmişdir


Ölkəmizdə aparılan uğurlu gənclər və idman siyasəti sayəsində idmançılarımız ən mötəbər beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazanırlar. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin  16 medal qazanması da bunun bariz nümunəsidir. Nəzərə alsaq ki, həmin medalların 7-si qızıldır,-  ölkəmizdə idmanın inkişaf səviyyəsi haqqında dediklərimizdə nə qədər haqlı olduğumuz bir daha öz təsdiqini tapmış olur.  

            Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edib: "Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə, ilk növbədə, idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər."

              Dövlətimizin başçısı görüş zamanı qeyd edib ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar.

               Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Beynəlxalq və Avropa Olimpiya komitələri ilə sıx əlaqələr ölkəmizdə idmanın inkişaf tempinə müsbət mənada təsir etməklə gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı güləş ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq. Əlbəttə, bu inamın əsasında güləşin bizim milli idman növü olması, ona xüsusi dövlət qayğısı və ölkəmizdə möhkəm güləş ənənələrinin yaşadılması və inkişafı dayanır. Bütün bunlar nəticə etibarı ilə güclü güləşçilərin yetişməsinə zəmin yaradır.    
              Prezident İlham Əliyev: "Şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar."

              Dövlət başçısı qazanılan uğurların təməlində mühüm olan iki amilə diqqət çəkib. Deyib ki, idmançılara şərait yaradılmalı, sonra onlardan nəticə gözlənilməlidir. 7-ci Avropa çempionatında qazanılan qələbə də, məhz bu sahədə aparılan səmərəli, davamlı və məqsədyönlü işlərin ilk təzahürlərindən biridir. 

            Prezident İlham Əliyev: "...Dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər. Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr, əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir."

               Ölkə başçısı bildirib ki, ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır. 

               Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.

                Prezident İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarına müraciət edərək deyib: "Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək."

                 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar- bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. 

                İndi isə bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. "Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar,- deyən ölkə başçısı bildirib ki,  Azərbaycan xalqı düşməndən intiqamı döyüş meydanında aldı. 

                Prezident İlham Əliyev görüş zamanı azad edilmiş torpaqlarda idmanın  inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Əlavə olaraq qeyd edib ki, dövlətimiz bu işlərlə məşğul olur. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. Bu isə yaxın illərdə azad edilmiş torpaqlarımızda idmanın inkişafı üçün münbit şərait yaradılacağından xəbər verməklə yanaşı, həm də ölkəmizdə idmanın prioritet məsələlər sırasında olduğunu bir daha təsdiq edir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az