2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxış etdi


2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxış etdi
1961-ci ildə Belqradda təsis edilən bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında sülh və sabitliyi təmin etməkdir.
Son illər Qoşulmama Hərəkatına üzv ölkələr arasındakı münasibətlərin formalaşdırılması, təşkilatın daha çevik bir beynəlxalq platformaya çevrilməsi üçün mühüm addımlar atılır. Bununla bağlı Azərbaycan Prezidentinin təklifləri, fikirləri yüksək səviyyədə qiymətləndirilir. Bu təşkilata Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatanın tarixində onun güclü, çevik, nüfuzlu beynəlxalq bir platformaya çevrilməsində mühüm rol oynayır. Artıq Qoşulmama Hərəkatı dünyada baş verən mühüm proseslərə təsir etmək gücünə malikdir.
Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 60 illiyi ilə bağlı Yüksək Səviyyəli toplantıda Prezident İlham Əliyev giriş nitqində mühüm məqamlara toxunub.
Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videoformatda çıxışında deyib ki, zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Bu prinsiplər, o cümlədən başqalarının daxili işlərinə qarışmama kimi mühüm prinsiplər Qoşulmama Hərəkatının təməlində dayanır: “Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik."
Dünyada baş verən münaqişələrin həllinə ikili standartlartla yanaşma, sözsüz ki, bu məsələlərin həllində ədalətin bərpa edilməsinə mənfi təsir göstərir. Bunu Ermənistanın Azərbaycan torpaqlarını işğal edib, 30 il ərzində heç bir beynəlxalq hüquq və normalara məhəl qoymaması kimi konkret siyasət və hüquq müstəvisində də aydın gördük. Beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan bu təcavüzkar ölkənin azərbaycanlılara qarşı etnik təmizləmə aparması və soyqırım törətməsi, təəssüflər olsun ki, dünya supergüclərinin ikili yanaşmasının məntiqi nəticəsi olaraq cəzasız qaldı. İnsan haqlarını sözdə insan hüquq və azadlıqlarının fövqündə tutan ölkələr xalqımızın faciəsinə göz yumdu, münaqişənin ədalətli həlli, təcavüzkar ölkənin cəzalandırılması üçün heç bir ciddi cəhd göstərmədi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.
Hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.
Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
2020-ci ilin oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə layihəsi irəli sürülmüşdü. Onun qəbul edilməməsinin əsas səbəbi isə məhz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri və Qoşulmama Hərəkatının üzvləri idilər. Çünki Azərbaycan qurumun bütün prinsiplərinə əməl edir, o cümlədən digər dövlətlərin ərazi bütövlüyünü qoruyur.
Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişdir. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Toplantı iştirakçılarına mühüm təkliflər də verdi: "BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.
Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir."
Dövlətimizin başçısı çıxışının sonunda əminlik ifadə edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az