"Azərbaycan Respublikasının Prezidenti seçilməyimdə mənə göstərilmiş bu böyük etimada görə, Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.
Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur."
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqindən- 31 oktyabr 2003-cü il.
Ümummilli lider Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində tez-tez xatırlanan bir məqam var: “Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib."
Ulu öndərin Vətən qarşısında misilsiz xidmətləri, əlbəttə ki, cəmiyyətdə hər kəsə bəlli idi. Ümummilli liderin xalqa müraciətinin davamında dedikləri isə xalqımız taleyində mühüm rol oynayacaq yeni, Azərbaycanımızın müstəqillik yolununun işıqlı sabahına, dövlətimizin bu yolda qətiyyətinə cavabdeh olacaq və onu irəli aparmağa, təhlükələrdən qorumağa, xalqın Qarabağ həsrətini bitirməyə qadir olacaq bir şəxsiyyətin adını dilə gətirdi: "...mənim hələ tamamlanmamış çox perspektivli planlarım var… öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."
2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev hər bir vədini konkret əməli işdə təsdiqlədi. Bununla da o, növbəti Prezident seçkilərində də qələbəsini təmin etdi.
Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr qoyur.
Azərbaycanın bu illərdə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Neft kapitalının insan kapitalına çevrilməsi artıq reallıqdır. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımları şərtləndirir. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək həyat səviyyəsinin təmin edilməsidir. İnsan amilinə verilən dəyər ölkə Prezidenti İlham Əliyevin hər addımında özünü qabarıq şəkildə büruzə verir.
Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) ölkənin sosial -iqtisadi həyatında, xüsusilə, regionların inkişafı və əhalinin məşğulluğu sahəsində əsaslı dönüş yaratdı. Dövlət proqramının əsas məqsədi regionların mövcud potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır. İlk dövlət proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası ölkənin soaial-iqtisadi həyatında əsaslı dəyişikliklər yaratdı. Bundan sonra bir-birinin ardınca qəbul edilən dovlət proqramları ölkəmizin dünya birliyinə inteqrasiyası yolunda mühüm rol oynadı.
Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi.
Dünyanı dərin maliyyə və iqtisadi böhran bürüdüyü illərdə Prezident İlham Əliyevin düşünülmüş siyasi kursu Azərbaycanı bundan yan keçirdi. Dünya bazarlarında neftin ucuzlaşması ölkəmizin inkişaf tempini bir o qədər də zəiflədə bilmədi. Qeyri-neft sektorunun inkişafı, ölkəyə valyuta gətirən kənd təsərüfatı məhsullarının istehsalına xüsusi önəm veriməsi regionların simasını dəyişmiş, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmışdır. Dünyanın ən nüfuzlu reytinq agentliklərinin hesabatlarında da Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsi öz əksini tapmışdır.
Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri də ordu quruculuğudur. Xüsusilə, ərazisinin bir qismi işğal altında olan ölkələr üçün bu, daha prioritet vəzifədir. Məhz bu baxımdan, Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən ordu quruculuğuna xüsusi önəm verdi. Ölkə başçısının 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən mühüm amillərdən biri oldu. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 faizdən çoxu müdafiə təyinatlıdır. Silahlı Qüvvələrin balansında olan zavodlarda əsaslı təmir, yenidənqurma işləri aparıldı. Məhz bunun nəticəsidir ki, hazırda müdafiə sənayemiz 1200-dən çox adda hərbi məhsullar, silah-sursat istehsal edir.
2016-cı ilin Aprel döyüşlərində həm işğalçı Ermənistan, həm də dünya birliyi bunun şahidi oldu. Azərbaycan Ordusu dörd gün ərzində düşmənə layiqli zərbə vurdu və 25 ildən artıq işğal altında olan min hektarlarla ərazimiz azad edildi. Ardınca Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra ordumuzun nəzarəti altına keçdi. Həmin əməliyyatda, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edildi.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun prioritet vəzifə olduğunu bir daha diqqətə çatdırdı: “2003-cü ildən başlayaraq, bütün istiqamətlər üzrə işlər sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində. Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək.
Dövlət başçısı prezidentlik fəaliyyətinin ilk günündən həm də xarici siyasət sahəsində də çox böyük uğurlar əldə edib və bu proses bütün tempi ilə davam edir. Hər şeydən əvvəl, İlham Əliyevin xarici siyasət kursunun əsasını ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət xətti təşkil edir. Dövlət başçısnın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənmişdir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir.
Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək qeyri-mümkündür. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir.
Ölkəmizin AŞPA-nın Nazirlər Komitəsinə, BMT Təhlükəsizlik Şurasına iki dəfə, habelə dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməsi xarici siyasətimizin parlaq uğurlarıdır.
Prezident İlham Əliyevin fəaliyyətində insan amili daim diqqət mərkəzində saxlanılıb. Bu illər ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük rəğbətlə qarşılanıb. Əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə sosial layihələrin reallaşdırılması insan amilinə verilən yüksək dəyərdir. Şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına minlərlə fərdi ev və mənzillərin, eləcə də minik maşınları verilib. Məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülüb.
Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi dövrdə insan hüquq və azadlıqlarının müdafiəsini prioritet vəzifə kimi qarşıya qoyub. Prezident İlham Əliyev daim ölkəmizdə humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində müxtəlif qərarlar qəbul edib. Çünki dövlətimizin başçısının fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənir.
Vətən müharibəsində qazanılan Zəfər tariximizin, həm də Dövlətimizin başçısının həyatının ən parlaq səhifə adlandırmaq olar. Bu günü bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli ordumuz nəsib etdi. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar.
İndi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq bu ərazilərə gedir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın bu ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu torpaqlarda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb.
Soydaşlarımızın öz doğma yurdlarına qayıdışlarına az qalıb. Qarabağımızın yenidən dirçələcəyi, torpaqlarına bərəkətin, halallığın qayıdacağı gün uzaqda deyil.