Şuşa Bəyannaməsi Qardaşlığın rəmzidir, Azərbaycan və Türkiyə arasında münasibətlərin gələcəyini müəyyən edən ali sənəddir. Bəyan olunduğu kimi, Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.
Bu bəyannamə inteqrasiya prosesləri üçün hüquqi və mənəvi zəmin yaradan bir Bəyannamədir. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Əlverişli imkanı yaradan səbəblər: Ermənistanda vəziyyət sabit deyil. Ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlayır. Qarabağ ermənilərinin erməni cəmiyyəti içərisində marginallaşması artır; Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər.
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır. Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə ABŞ-ın münasibəti də vacib və diqqətçəkəndir. 2021-ci il iyunun 8-də ABŞ
Senatının xarici əlaqələr komitəsində Prezident Baydenin 2022-ci maliyyə ili ilə bağlı dinləmələri zamanı bir neçə senator, xüsusilə də Nyu Cersi ştatını təmsil edən demokrat Bob Menendes Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmaqla Azərbaycana “yaşıl işıq” yandırmaqda günahlandırdı, erməni əsirlərin qanunsuz saxlanıldığını bildirdi. Senatorlar Brəd Şerman (demokrat-Kaliforniya) və Barbara Li (demokrat-Kaliforniya) də 907-ci düzəlişin qüvvədə saxlanılmasını tələb etdilər. Dövlət katibi Əntoni Blinken suala hazır idi və “bu və digər detallar üzərində iş getdiyini” deməklə kifayətləndi. Dinləmələrdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin (ANCA – Armenian National Committee of America) icraçı direktoru Aram Hamparyan vəd edirdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək və “amerikalıların ödədiyi vergidən 1 dolların belə silah alınıb Azərbaycana göndərilməsinə yol verilməyəcək.” Senatdakı dinləmələrlə bağlı erməni cəmiyyətinin gözləntiləri özünü doğrultmadı.
Artıq bütün dünya üçün yeni bir geosiyasi mənzərə açılıb. NATO Türkiyənin timsalında regiona daxil olur. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən tədricən azaldılır. Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin çətinləşməsi ilə müşayiət olunub. Azərbaycan ərazisində rus hərbçilərinin saxlanılması da zəif rus iqtisadiyyatı üçün kifayət qədər xərc tələb edən avantüradır. Erməni toplumu anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə olan vəziyyətdə azərbaycanlılarla ya savaşmaq, ya da dostluq etmək lazım gələcək. Eyni zamanda sülh Ermənistanın yeganə çıxış yoludur.
Mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Qarabağda miqrasiya problemi daha qabarıqdır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq. Yeni münasibətlərin formalaşmasına səbəb olacaq iqtisadi amillər mövcuddur. Əraziyə yeni sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin
durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək.
Bəyannamə strateji cəhətdən çox əhəmiyyətlidir. Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir. Eyni zamanda ideoloji amillər strateji əməkdaşlığın perspektivini təmin edir. İndiki halda Qafqazın inkişafını təmin edən əməkdaşlıq üçün münbit şərait var. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır. Bu, tarixə yazılmış qardaşlıq nümunəsidir və ölkələrin hərbi qüdrətinin artmasına xidmət edən əməkdaşlıqdır. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında Beynəlxalq hüquqla qorunan hərbi tərəfdaşlıqdır. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.
Şuşa Bəyannaməsinin böyük perspektivlərini bundan sonra görəcəyik. Türkiyə kimi inkişaf etmiş güclü dövlətin ölkəmizin yanında olması Azərbaycana çox böyük dəstəkdir. Eyni zamanda, Ermənistan bundan müəyyən nəticələr çıxaracaq. Bizə dost olan ölkələr isə bunu alqışlayacaq. İki dövlətin milli maraqlarına cavab verən bu hərbi-siyasi əməkdaşlıq sənədi Azərbaycanın gələcəkdə daha da inkişafına, hərbi gücünün artmasına, regionda sabitliyin daha da bərqərar olmasına yeni imkanlar açacaq.