Azərbaycan və Şimali Makedoniya arasinda ikitərəfli münasibətlərin inkişafi son illər ərzində xeyli sürətlənib


Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev:  “Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edərək bildirib ki,  Şimali Makedoniya Prezidenti  xanım Davkovanın bu, Azərbaycana ikinci səfəridir. Qordana Silyanovska-Davkova COP29 konfransında da fəal iştirak edib və konfransın uğurla keçirilməsinə öz töhfəsini verib: “Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bu gün rəsmi səfərdəsiniz. Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”.
Azərbaycan və Şimali Makedoniya arasinda ikitərəfli münasibətlərin inkişafi son illər ərzində xeyli sürətlənib. Əməkdaşlıqda siyasi dioloq dinamik xarakter alıb, siyasi əlaqələrin inkişafı üçün əlavə təbirlər görülüb. Əlamətdar haldır ki, iki ölkə tərəfindən energetika sahəsində səmərəli əməkdaşlığa başlanılıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Gələcəkdə respublikamızın dost ölkəyə lazım olan həcmdə qaz təchizatını artırması nəzərdə tutulub.
"AZƏRBAYCAN 12 ÖLKƏYƏ TƏBİİ QAZ İXRAC EDİR VƏ BİZİM MÜŞTƏRİLƏRİMIZİN COĞRAFİ YERLƏŞMƏSİ DƏ AVRASİYA MƏKANINI ƏHATƏ EDİR"
Dövlətimizin başçısı mətbuata bəyanatında bu barədə ətraflı məlumat verib: “Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur”.
Prezident İlham Əliyev daha sonra, təxminən 3 il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin bunun əyani təzahürü olduğunu bildirib. Dövlətimizin başçısı bu gün Azərbaycan qazının bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə, həssaslıqla yanaşıldığını vurğulayıb:  “Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”- deyə Prezident İlham Əliyev qeyd edib.
"XALQLARIMIZIN HUMANİTAR SAHƏDƏ ƏMƏKDAŞLIĞINA DA BÖYÜK EHTİYAC VAR"
Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac olduğunu xatırladan dövlət başçımız dedi: “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”.
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ ŞİMALİ MAKEDONİYA RESPUBLIKASI ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur.
2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur.
Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Fazil Mustafadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
AR xarici işlər naziri Elmar Məmmədyarov 28-29 iyun 2007-ci il tarixində Skopyeyə, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 12 aprel 2023-cü il tarixində Bakıya işgüzar səfər etmişdir.
Şimali Makedoniya Məclisində müvafiq parlamentlərarası dostluq qrupunun 8 üzvü var. Qrupun rəhbəri Enes İbrahimdir.
İki ölkə arasında 5 sənəd imzalanmışdır.
İQTİSADİ SAHƏDƏ ƏMƏKDAŞLIQ
Haırda Azərbaycanda  Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan  “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması”  haqqında saziş də hazırda icra olunur.
Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 19.04.2013-ci il tarixində imzalanmış, 12.08.2013-cü il tarixində qüvvəyə minmişdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az