Prezident İlham Əliyev: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərinin və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabaq Azərbaycandır!” (Prezident İlham Əliyevin 4 oktyabr 2020-ci il tarixli, xalqa müraciətindən)
Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.
Cəbrayıl 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi 1.05 min km2, əhalisi 81,7 min (01.01.2020) nəfərdir. Rayon 1 şəhər (Cəbrayıl), 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənddən ibarət idi. Kəndləri bunlardır – Xubyarlı, Xudaverdili, İmambağı, Qurbantəpə, Şahvələdli, Yarəhmədli, Balyand, Xələfli, Qaracallı, Yuxarı Mərcanlı, Böyük Mərcanlı, Cocuq Mərcanlı, Çərəkən, Əfəndilər, Papı, Dağ Tumas, Çələbilər, Qarağac, Sofulu, Hacılı, Hüseynalılar, Kavdar, Mirək, Tulus, Horovlu, Çapand, Safarşa, Hovuslu, İsaqlı, Qalacıq, Doşulu, Mahmudlu, Yuxarı Maralyan, Qazanzəmi, Çullu, Dağ Maşanlı, Əsgərxanlı, Söyüdlü, Qumlaq, Dərzili, Məstalıbəyli, Quycaq, Nüzgar, Şəybəy, Maşanlı, Alıkeyxalı, Mehdili, Çaxırlı, Minbaşılı, Ağtəpə, Daş Veysəlli, Sədi, Sarıcallı, Əmirvarlı, Məzrə, Yuxarı Məzrə, Sirik, Aşağı Sirik, Molla Həsənli, Xanağabulaq, Şahvəlli, Göyərçin Veysəlli, Hacı İsaqlı, Qoşabulaq, Qovşudlu, Niyazqulular, Tinli, Şükürbəyli, Dəjəl, Fuğanlı, Həsənqaydı, Şıxalıağalı, Qışlaq, Karxulu, Tatar, Aşağı Maralyan, Şıxlar, Cəfərabad, Kürdlər, Daşkəsən, Yuxarı Nüsüs, Süleymanlı, Niftalılar, Yanarxac, Quşçular, Keçəl Məmmədli, Qərər, Soltanlı, Aşıq Məlikli, Nüsüs.
Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.
Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar vardır. Rayon ərazisindəki iki böyük suvarma kanalı – “Teymur Quliyev” və “Maralyan” kanalları kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. Rayonda 4039 hektar meşə zolağı, 58585 hektar əkin sahəsi, 1079 hektar bağ sahəsi var idi.
Cəbrayılda xalçaçılıq (ayrıca Cəbrayıl xalça məktəbi var), xüsusi "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olmuşdur.
Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, ġıxlar kəndi yaxınlığında "ġəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən Cəbrayıl rayonu 1 şəhər,4 qəsəbə və 97 kənddən ibarət idi.
Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid verib, 177 nəfər əlil olub, 91 nəfər əsir və itkin düşüb. Erməni işğalçılarına qarşı döyüşlərdə Cəbrayıldan olan 6 nəfər göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü il 5 yanvarda Horadiz əməliyyatı zamanı rayonun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin ətrafdakı yüksəkliklərdə düşmən qüvvələri olduğu üçün kənddə yaşayış mümkün olmayıb.2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndikdən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib. Aprel zəfərindən sonra Azərbaycan Dövləti Cocuq Mərcanlıda yenidənqurma işlərinə start verib və tezliklə bu kənddə həyat yenidən qaynayıb, illər sonra kəndin sakinlərinin torpaq, yurd həsrəti bitib. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk qaranquşu kimi tarixə düşüb.
CƏBRAYIL RAYONUNUN İŞĞALDAN AZAD OLUNMASI
27 il davam edən işğalın fəsadları dövlətimizə və xalqımıza milyardlarla dollar məbləğində iqtisadi zərər vurmuşdur. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu da Ermənistanın vandalizm siyasətinin qurbanı olmuşdur. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, buradakı evlər, infrastruktur obyektləri ciddi dağıntılara məruz qalmışdır. Böyük ürəkağrısı ilə bildirmək lazımdır ki, işğaldan əvvəlki Cəbrayıl rayonu ilə rayonun indiki mənzərəsi arasında müqayisə dəhşət doğurur.
Azərbaycan dövləti və xalqı isə verdiyi sözü tutmuş, Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başlamışdır. Dövlətimizin və xalqımızın həyatında, tarixində əsl qəhrəmanlıq və cəsarət göstəricisi olan, milli qürurumuzu özümüzə qaytaran və 44 gün davam edən Vətən müharibəsində bir sıra tarixi torpağımızla yanaşı, Cəbrayıl rayonu da işğaldan azad edilmişdir. Bu qələbə, həm də son 200 il ərzində ermənilərin etniktəmizləmə, soyqırımı və işğalçılıq siyasətinin qurbanı olmuş azərbaycanlıların qisasının alınması idi. Qəhrəman Azərbaycan Ordusu öz qətiyyəti, peşəkarlığı, cəsarəti ilə Vətəninə, torpağına, xalqına bağlılığını, sevgisini sübut etmişdir. Qorxmazlığın və mərdliyin əsl nümunəsini göstərən şanlı ordumuz düşməni dizi üstə çökdürərək, tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü təmin etmiş, saxta “güclü Ermənistan ordusu” mifini, yalanını yerlə bir etmişdir.
2020-CI IL NOYABRIN 26-DA “CƏBRAYILIN AZAD OLUNMASINA GÖRƏ” MEDALI TƏSİS EDİLDİ
Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. Uğursuz dövlətin “yenilməz ordu”sunun mənsublarının yaxasındakı saxta dəmir-dümürdən fərqli olaraq, bizim əsgər və zabitlərin yaxasındakı hər bir medal, orden qiymətlidir, əvəzsizdir! Çünki bizim işimiz haqq işidi, çünki biz müharibədə qızıl ləyaqət göstərmişik.
YENI DÖVR VƏ BƏRPA-QURUCULUQ İŞLƏRİ
Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir.
Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər bir səfəri tarixi hadisədir, Böyük Qayıdışın daha da sürətləndirilməsi istiqamətində atılan addımlarla zəngindir.
Müzəffər Ali Baş Komandanın Cəbrayıl rayonuna hər səfərində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrıldı. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir.Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna 16 noyabr 2020-ci ildə gerçəkləşdirdiyi səfər zamanı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Dövlət Bayrağı ucaldıldı. Bu mühüm hadisələrin tarixi və siyasi əhəmiyyəti böyükdür. Həmçinin həmin səfər zamanı işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış oldu. 14 fevral 2021-ci ildə edilən səfər zamanı Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlərə diqqət yetirildi. Dövlət başçısının 26 aprel 2021-ci ildə reallaşdırdığı səfər Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxışla yadda qaldı. Cənab İlham Əliyev, həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi və hərbi qulluqçular ilə görüşdü. 2022-ci ilin oktyabrın 4-də- Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad edildiyi tarixdə bu rayona səfər edən Müzəffər Ali Baş Komandan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha bu torpaqların sahibi olduğumuzu bəyan etdi. Səfər zamanı “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi keçirildi. “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu. Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi oldu. Dövlət başçısının Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə keçilən yolun təhlili əsasında qarşıdakı dövrün aydın mənzərəsi təqdim edildi.
Baş plana əsasən Böyük Mərcanlı kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
CƏBRAYIL ŞƏHƏRİNƏ İLK KÖÇ KARVANI
Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
Cəbrayıl rayonunun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub. Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.
Cəbrayıl rayonunun Maşanlı kəndinin 2040-cı ilədək layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.
...2020-ci ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları hər keçən gün uğurla aparılırdı. Əks-hücum əməliyyatının növbəti günlərində düşmənin xeyli sayda canlı qüvvəsi, atəş nöqtələri və hərbi texnikaları məhv edilərək Cəbrayıl rayonunun bir neçə kəndi azad edildi.
Qızğın döyüşlər zamanı düşmən Azərbaycan ordusunun qarşısında dayana bilməyərək xeyli itki verib geri çəkildi. Oktyabrın 4-də isə uzun illərdir düşmən tapdağında qalan Cəbrayılın mərkəzi və ətraf 9 kəndi işğaldan azad olundu.
Bu şad xəbərlə bağlı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciət etdi:
“Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!"
... 27 ildən sonra doğma torpağımız ev sahibini qarşıladı, rəşadətli ordumuzun ayaq səsləri Cəbrayıla nəfəs verdi...
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri:
2020-ci ilin noyabrın 16-da olan səfər Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması, Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya baxış, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxışla yadda qaldı.
2021-ci ilin fevralın 14-də olan səfər zamanı Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq oldu.
2021-ci il aprelin 26-da edilən səfər zamanı Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirildi. Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş oldu.
2021-ci oktyabr ayınn 4-5-də olan səfərdə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi, “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi kimi əlamətdar hadisələrlə yaddaşlara əbədi həkk olundu.
2022-ci oktyabr ayının 20-də edilən səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə ağac əkmə mərasimi, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mətbuat konfransı keçirildi.
2023-cü may ayının 5-də olan səfərdə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulmuşdur. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı yol boyunca avtomobil körpüləri tikiləcək.
2023-cü sentyabr ayının 28-də olan səfər də yaddaqalan oldu. Səfər zamanı inzibati binanın təməlqoyma mərasimi və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işlərlə tanışlıq və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu.
2024-cü ilin may ayının 18-də olan səfərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndinin təməlqoyma mərasimləri kənd sakinlərinin əbədi olaraq yaddaşlarına həkk olundu.
2024-cü ilin may ayının 19-da edilən səfərdə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı oldu.