Azərbaycan strateji coğrafi mövqeyi və zəngin enerji resursları baxımından Şanxay Əməkdaşlıq Təşkilatı üçün əsas tərəfdaşlardan biridir. Buda onu göstərir ki, bu gün ölkəmiz qlobal səviyyədə uğurlu siyasət yürüdən ölkələr sırasındadır.
Çin,Rusiya, Hindistan və Pakistan kimi böyük ölkələri birləşdirən Şamxay Əməkdaşlıq Təşkilatı təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq üçün güclü platformalardan biridir. Bu təşkilatla əməkdaşlıq Azərbaycan üçün müxtəlif sahələrdə yeni imkanlar və prespektivlər açır.
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.
“AZƏRBAYCAN İKİNCİ DƏFƏDİR Kİ, ŞƏT-İN ZİRVƏ TOPLANTISINA DƏVƏT OLUNUR”
Prezident İlham Əliyev əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinin Azərbaycana səfərini xatırladıb. “Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk”.
Azərbaycan ilə ŞƏT-ə üzv dövlətləe söz açan Prezident İlham Əliyev bildirib ki, burada vacib sahə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətdir. “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
“BİZ TƏRƏFDAŞLARIMIZLA ORTA DƏHLİZİN RƏQƏMSALLAŞMASI ÜZƏRİNDƏ İŞLƏYİRİK”
Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini və bununla da beynəlxalq hüququn, tarixi ədalətin bərpa olunduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin edib.
“AZƏRBAYCAN MULTİLATERALİZMİ FƏAL ŞƏKİLDƏ DƏSTƏKLƏYİR”
“Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq”- deyən Prezident İlham Əliyev Bakıda keçiriləcək COP29-dan söz açıb.Bidirib ki, SOP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”.