Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib



Şamaxı Rayon İcra Hakimiyyəti və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şamaxıda Ümummilli lider Heydər Əliyevin, habelə dahi şair İmadəddin Nəsiminin şərəfinə ucaldılan abidələri ziyarət edib, önünə gül dəstələri düzərək öz ehtiramlarını bildiriblər.
Şamaxı İncəsənət Təhsili Mərkəzində davam edən tədbiri rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq Azərbaycanda ədəbiyyatın inkişafı ilə bağlı görülən işlərdən, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, bu istiqamətdə ulu öndər Heydər Əliyevin apardığı siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi ədəbiyyatımıza göstərilən böyük qayğının bariz nümunəsidir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dövlətimizin başçısının 2019-cu ili “Nəsimi ili” elan etməsi, cari ildə akademik Həmid Araslının 110, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100 illik yubileylərinin qeyd olunması haqqında sərəncamlarının dövlətin ədəbiyyata, ədəbiyyat nümayəndələrinə qayğısının təzahürü olduğunu vurğulayıb. İsa Həbibbəyli ölkə başçısının müvafiq sərəncamlarının icrasına uyğun olaraq AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda İmadəddin Nəsimi yaradıcılığının təbliğ edildiyini, eləcə də azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə şairə həsr olunan tədbirlərdə iştirak etdiklərini söyləyib. O, akademiyada Nəsiminin 650 illik yubileyinə həsr edilən yekun tədbirin isə cari ilin sonlarında keçiriləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Mütəfəkkir şair Nəsiminin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti bu gün ədibin əsərlərinin daha dərindən tədqiq edilməsinin zəruriliyini vurğulayıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının hazırlandığını və il ərzində nəşr olunacağını qeyd edib.
Tədbirdə professor Qəzənfər Paşayev “Ədəbiyyat və incəsənətdə Nəsiminin bədii obrazı”, Ədəbiyyat İnstitutunun orta əsrlər Azərbaycan şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova “İmadəddin Nəsiminin soykökü və şəcərəsi”, filologiya üzrə elmlər doktoru Rəhim Əliyev “Nəsimi şeirinin sənətkarlığı”, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı “Azərbaycan ədəbiyyatında Nəsimi ənənələri”, filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov “Nəsimi və folklor” mövzularında məruzə ilə çıxış ediblər.
“Şirvan”az


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az