Prezident İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə mətbuata bəyanat verib


Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bir daha təsdiq etdi ki, Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli əlaqələr bundan sonra daha da inkişaf edəcək və hər iki ölkə rəhbəri qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə yeni töhfə vermək əzmindədir. Uzun illərdir möhkəm təməllərə dayanan dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır.
Dövlətimizin başçısı bildirib ki, strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.
Azərbaycan  “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazı Türkiyəyə və Gürcüstana 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə ötürürdü. Azərbaycan, həmçinin titanik səylər hesabına böyük qazın Avropaya çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Müxtəlif seqmentlərdən ibarət olan Cənub Qaz Dəhlizinin inşası iki il bundan əvvəl-2020-ci il dekabrın son günlərində  tamamlandı. Beləliklə, ölkəmizdən qoca qitəyə mavi yanacaq ixracı üçün geniş imkanlar yarandı. “Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Artan geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyi məsələləri bütün dünyada xüsusi əhəmiyyət daşımağa başlayıb və qlobal gündəliyin ön sıralarına çıxıb. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropanın ənənəvi qaz təchizatı zənciri qırılıb. Hazırda qoca qitədə kəskin enerji böhranı yaşanır. Avropa ölkələri Rusiyadan kəsilən mavi yanacaq tədarükünü yeni mənbələrdən qarşılamağa çalışırlar. Belə bir şəraitdə nəzərlər Azərbaycana dikilir. 
Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi: "Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır."
"Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsi ilə bağlı da fikirlərini bölüşüb, bu layihəni indi canlandırıldığını qürur hissi ilə bəyan edib: "Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək."
Sözsüz ki, Avropa Komissiyasının rəhbərliyinin Azərbaycanı etibarlı tərəfdaş adlandırması təsadfi deyil. Enerji təhlükəsizliyi məsələlərinin bugünkü dünyada xüsusi əhəmiyyət daşıdığı və dünya gündəliyinin ön sıralarında olduğu bir vaxtda Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.
Azərbaycanla Macarıstan arasında təməli qoyulan enerji dialoqunda yeni bir istiqamətin də böyük perspektivi var. İki dost ölkə ənənəvi enerji təchizatı sahəsində olduğu kimi, bərpaolunan mənbələrdən alınan enerjinin tədarükündə də sıx əməkdaşlıq etmək niyyətindədirlər. Azərbaycanın bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Hazırda respublikamız Avropaya yeni enerji körpüsünü salmağa başlaşır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bütövlükdə, Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı hədəfləyib. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli saziş imzalandı. Azərbaycanda bərpaolunan mənbələrdən alınacaq elektrik enerjisi bu marşrutla Avropaya, o cümlədən də Macarıstana çatdırılacaq.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.
Azərbaycanla Macarıstanın iqtisadi sahədə əməkdaşlığında enerji məsələləri daha çox aktuallıq daşısa da, digər istiqamətlərdə də belə imkanlar kifayət qədər genişdir. İki dost ölkə nəqliyyat sahəsində koordinasiyalı fəaliyyət həyata keçirir. Belə ki, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanıb. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmində kəskin artımlar müşahidə edilir. Təkcə keçən il ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmi 75 faiz artıb. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda müasir nəqliyyat infrastrukturu qurulub. Bunun da sayəsində açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika habına çevrilib.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.
Prezident İlham Əliyev bəyan edib ki, təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var: "200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir..."
Əməkdaşlıq üçün vacib olan digər istiqamət minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı mina terroruna tuş gələrək ya həlak olub, ya da ki, ağır yaralanıb. Prezident İlham Əliyev bildirib ki, bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Qalib Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə dost ölkələrin şirkətlərinin iştirakı ilə böyük bərpa və infrastruktur quruculuğu layihələri həyata keçirir. Macarıstan şirkətləri də bu sırada yer ala bilərlər. “Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib”, - deyə Prezident İlham Əliyev

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında:

"Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm"- bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda bildirib.
“Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - Viktor Orban vurğulayıb.
Daha sonra Baş nazir qeyd edib: "Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib".


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az