Azərbaycanın dostu və strateji tərəfdaşıdır. Ölkələrimiz arasında əlaqələr 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsasən çox yüksək səviyyədə qurulub. Azərbaycan-Bolqarıstan əlaqələri bir sıra sahələri əhatə etməklə davamlı olaraq genişləndirilir və inkişaf etdirilir.
Sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı ölkələrimiz arasında mövcud əlaqələri yüksək qiymətləndirib və 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təsbit olunmuş bütün məsələlərin həyatda öz əksini tapdığını diqqətə çatdırıb.
Azərbaycan-Bolqarıstan əlaqələrinin bundan sonra daha da inkişaf etdiriləcəyini qeyd edən ölkəmizin başçısı çıxışında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək planların əhəmiyyətindən də bəhs edib: “Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır.”
Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Ölkəmiz öz tərəfdaşlarını təbii qazla təmin etməsi məsələsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz enerji siyasətini daha da genişləndirməyi düşünür. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması əsas hədəflərdəndir.
Respublika Prezidenti cənab İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələlərinin bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb və indiki şəraitdə bunun əhəmiyyətinin daha da artığını xüsusi vurğulayıb: “Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək.”
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracını ən azı 2 dəfə artıracaq.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. Bu, “Repower Europe” planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi bu istiqamətdə atılan uğurlu addımlardan hesab olunur. Prezident İlham Əliyev çıxışında layihənin əhəmiyyətini belə dəyərləndirilib: “Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır.”
Bolqarıstana səfəri zamanı Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın geniş tranzit imkanlarına malik olmasına diqqət çəkərək bu imkanlardan Bolqarıstanın da yararlana biləcəyini bildirib. Bu gün Azərbaycanda çox müasir nəqliyyat infrastrukturu yaradılıb. Bura dəmir yolları, avtomobil yolları və yeni Beynəlxalq Dəniz Ticarət Limanı daxildir. Bütün bu infrastruktur obyektlərinin yaradılmasında məqsəd Azərbaycan üzərindən tranzit yüklərinin həcminin artırılmasını təmin etməkdir. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində isə bu istiqamətdə uğurlara imza atılır. Cari ildə tranzit yüklərin həcminin təqribən 50 faizə yaxın artması bu deyilənlərə əyani sübutdur. Bir sözlə, Azərbaycan və Bolqarıstan arasında həm iqtisadiyyat, həm də sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Odur ki, ölkələrimiz bu və digər yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qərar verib.
Respublika Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi də müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik: “Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik.”
Azərbaycanla Bolqarıstan arasında iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanların mövcud olduğunu vurğulayan Respublika Prezidenti İlham Əliyev çıxışında bildirib ki, Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik.”