Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında mövcud əlaqələrin, mehriban qonşuluq münasibətlərinin daha da dərinləşməsinə böyük təkan verəcək.
Dövlətimizin başçısı işgüzar səfəri zamanı mətbuata bəyanatında bu münasibətlərin çox dərin ənənələr üzərində qurulduğunu qeyd edib və bildirib ki, əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.
İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qalxması bir çox sahələr üzrə fəal əməkdaşlıqda öz əksini tapır. Azərbaycan və Gürcüstan həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir-birillərini dəstəkləyirlər.
Prezident İlham Əliyev çıxışında birgə həyata keçirilən bir çox önəmli layihələrin təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Dövlət başçısı bəyanatında bölgədə gedən proseslərə, təhlükəsizliklə bağlı məsələlərə də yer ayırıb və Azərbaycanın niyyətinin Qarabağ münaqişəsi başa çatandan sonra, Ermənistanla sülh müqaviləsini imzalamaq olduğunu deyib: "Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq."
Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan gündəliyindən bəhs edərkən, qonşu dövlətlə ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edib və bu artımı statistik rəqəmlərin dili ilə konkretləşdirib: "Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir."
İkitərəfli görüşdə Prezident İlham Əliyev ölkəmizin gələcək enerji siyasətilə bağlı qonşu ölkə başçısı ilə geniş fikir mübadiləsi apardığını, yeni layihələr haqqında düşündüklərini də mətbuat mənsublarının diqqətinə çatdırıb.
Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın dünya bazarlarına qaz ixracatını artırmaq fikrində olduğunu da bəyanatında qeyd edib: "Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq."
Azərbaycan gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracı artıracaq, bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etməyi nəzərdə tutur.
Ölkəmizin başçısı mətbuata verdiyi bəyanatında bildirib ki, həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifədir. Dövlətimizin başçısı bildirib ki, Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər.
Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcminin bu il 75 faiz artdığı bir vaxtda ölkəmizin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrində olduğunu vurğulayan Prezident İlham Əliyev həmin məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacağını da qeyd edib: "Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir."
Ölkəmizin başçısı çıxışında onu da vurğulayıb ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.
Prezident İlham Əliyev bəyanatında tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin vacibliyini xüsusi qeyd edib və bildirib ki, qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Azərbaycanın isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətləri bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək.