Prezident İlham Əliyev festivalda Türkiyə Respublikasının Prezidentinin iştirakının da Azərbaycan üçün ən əziz bayram günündə-Müstəqillik Günündə daha bir bayram olduğunun sevincini bölüşdü. Daha sonra yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqının ilk Xalq Cümhuriyyətini qurmasını yada saldı,- "Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir"- dedi.
Dövlət başçısı çıxışında bu 30 il ərzində türk qardaşlarımızın daim yanımızda olmasını, bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etdiyimizi, elə bu gün də bir yerdə olmağımızı minnətdarlıq və qürur hissilə qeyd etdi, bölgəmizdə sülh və barışın Türkiyə-Azərbaycan qardaşlığında, birliyindən çox aslı olduğunu, iki qardaş ölkənin bir yerdə addımlamasının xalqlarımız üçün əsas yol istiqamətini müəyyənləşdirdiyini bildirdi: "Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq."
Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxması, bunun 2020-ci ildə Zəfər paradında təkrarı, 44 günlük tarixi Zəfərimizdən sonra yenə də Azadlıq meydanında Türkiyə və Azərbaycan ordularının hərbi paradının keçirilməsi, paradın iki qardaş ölkənin prezidentlərinin qəbul etməsi birliyimizin təntənəsi, bütün dünyaya birliyimizin, gücümüzün gündən-günə artacağının aydın mesajı idi.
Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü bütün sahələrdə göstərir- siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində.
Pespublika Prezidenti İlham Əliyev əminliklə bildirdi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Dövlət başçısı dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmalarını əlamətdar hadisə kimi qiymətləndirdi: "Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar."
“TEKNOFEST”də çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı önəmli mesajlar verdi
Bu il iki qardaş ölkə arasında diplomatik əlaqələrin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edildiyini bildirən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırdığını, birlik və bərabərliyimizi daha da möhkəmləndirdiyimizi dedi: "Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur."
Türkiyə dövlətinin başçısı çıxışında xüsusi vurğuladı ki, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq.
Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlıq əlaqələrini strateji müttəfiqlik səviyyəsinə çatdırdı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı.
Türkiyə Prezidenti R.T.Ərdoğan bir daha bəyan etdi ki, Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik.
Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır.
Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan:"Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik."