Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 18 iyul tarixində birgə bəyanatla çıxış ediblər


Prezident İlham Əliyev çıxışı zamanı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirənin baş tutdunu qeyd edib. Gündəlikdə dayanan bütün məsələlərin əhatə olunması, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması göstərdi ki, enerji sahəsində on beş ildən artıq aparılan fəal əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Yeni imzalanmış Memorandum 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin uğurlu davamıdır. 

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini qeyd edən ölkəmizin başçısı bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü işlərə diqqət çəkib: "Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyyətdir." 

Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanması, ölkəmizdə bərpaolunan enerjinin istehsalı sahəsində mövcud olan böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir.

Prezident İlham Əlyev çıxışında bildirib ki, Azərbaycanda külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb, bu sahədə ölkənin potensialı ilə bağlı ilkin qiymətləndirmə də aparılıb: "...Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var."

Dövlətimizin başçısı çıxışında qarşıdakı illərdə istifadə olunacaq yeni qaz yataqlarının nəticə etibarı ilə ölkənin qaz hasilatını artıracağını da qeyd edib. Bərpaolunan enerjidən istifadə edən ixrac üçün daha çox qazı təmin etməyə imkan verir. 

Bu gün imzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi xarakterizə edən dövlət başçısı əvvəlcə planlaşdırılan bütün məsələlərin icra olunduğunu vurğulayıb və bundan sonra da böyük uğurlara imza atılacağına əminliyini bildirib. 

Müzakirə edilən məsələlər sırasında şəbəkələrin qurulması da olub. Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, Avropa İttifaqı ilə bu sahədə daha fəal çalışmaq lazım olduğunu vacib sayıb. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. 

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılması, gələn ay hazırlıq işlərinin başa çatmasının mümkünlüyü ikitərəfli əməkdaşlığa mühüm töhfə olacaq: "Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacaq". 




PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az