Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib


Prezident İlham Əliyev Qarabaq Universitetinin müəllim və tələbə heyəti ilə görüşü zamanı çıxış edərək, Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik edib və  bildirib ki, 20 sentyabr bundan sonra ölkəmizdə geniş qeyd ediləcək.

“VƏTƏN UĞRUNDA CANLARINDAN KEÇƏN ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİNİ DAİM QƏLBİMİZDƏ SAXLAYIRIQ VƏ SAXLAYACAĞIQ”
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.
Bildiyiniz kimi, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur”.
Dövlətimizin başçısı xalqımızın yüksək mənəvi keyfiyyətlərindən söz açaraq bildirib ki, sinəsini qabağa verən,  ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir.
“Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bildiyiniz kimi, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var”.
 Prezident İlham Əliyev  44 gün ərzində əsgərlərimizin bütün dünyaya nümunə sayılacaq  qəhrəmanlıqlarında  bəhs edərək vurğulayıb ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.

“İKİNCİ QARABAĞ MÜHARİBƏSİ VƏ ANTİTERROR ƏMƏLİYYATI İMKAN VERDİ Kİ, AZƏRBAYCAN NƏİNKİ BEYNƏLXALQ HÜQUQU BƏRPA ETDİ, NƏİNKİ ÖZ MİLLİ QÜRURUNU BƏRPA ETDİ, BÜTÜN DÜNYAYA NÜMAYİŞ ETDİRDI Kİ, ƏDALƏTSİZLİK ƏBƏDİ DAVAM EDƏ BİLMƏZ”
Antiterror əməliyyatından söz açan dövlətimizin başçısı 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşdüyünü və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etdiyimizi xatırladıb: “İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.
Dövlət başçısı İşğal dövründə keçmiş köçkünlərlə görüşlərini və bu görüşlərdə insanların qəlblərindəki yaşayan ümid hisslərindən bəhs edib və bildirib ki, inamla yaşamağın lazımlığını işğaldan, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik:  “Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var. Cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi”.

“BU GÜN QARABAĞ UNİVERSİTETİNİN AÇILIŞIDIR…BU ƏN BÖYÜK XOŞBƏXTLİKDİR!
“Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı, bu gün tanış olmuşam. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var”-   deyən Prezident İlham Əliyev yüksək bal toplayanların bu universitetdə təhsil alacaqlarını və Qarabağ Universitetinin bizim aparıcı ali məktəblərdən birinə çevriləcəyinə ümüd etdiyini vurğulayıb.

“XIX ƏSRİN ƏVVƏLİNDƏ BAĞLANMIŞ ÜÇ MÜQAVİLƏ - “KÜRƏKÇAY”, “GÜLÜSTAN”, “TÜRKMƏNÇAY” MÜQAVİLƏLƏRİ FAKTİKİ OLARAQ SONRAKI İŞĞALI DA ŞƏRTLƏNDİRDİ”
Dövlətimizin başçısı Xankəndinin tarixindən danışarkən bildirib ki, Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti erməniləri buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni ovaxtkı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda, burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı - Sərsəng, Suqovuşan su anbarları. Hansılar ki, ermənilər işğal dövründə bizi sudan da məhrum etmişdilər. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi. Bəlkə gənclər onu da bilmirlər, Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Cəmi iki həftədən sonra, - artıq Heydər Əliyev iqtidarda yox idi, - dərhal burada - Xankəndidə və Ermənistanda hərəkət başlamışdı, müxtəlif təşkilatlar yaradılmışdı. Mərkəzi hökumət, yəni Sovet İttifaqı rəhbərliyi buna laqeyd yanaşırdı. Hətta o, separatçıları, erməni millətçilərini, necə deyərlər, stimullaşdırırdı, onları daha da fəal olmağa təhrik edirdi. Qarşıya vəzifə qoyuldu ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik.
Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra - müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər. Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax, bu idi bizim tariximiz”.

“ƏGƏR 1993-CÜ İLDƏ XALQIN TƏLƏBİ İLƏ ULU ÖNDƏR AZƏRBAYCANA GƏLMƏSƏYDİ, AZƏRBAYCAN, ÜMUMİYYƏTLƏ, DÜNYA XƏRİTƏSİNDƏN SİLİNƏ BİLƏRDİ”
Prezident İlham Əliyev qeyd edib ki, əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi: “Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”.
Prezident İlham Əliyev çıxışının sonunda bildirdi ki, bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir:  “Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!”


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az