Şamaxıda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər.
Mədəniyyət Mərkəzində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Liderin bütün fəaliyyəti boyu öz müdrik və uzaqgörən siyasəti, nadir liderlik keyfiyyətləri, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olduğunu diqqətə çatdırıb. Ulu Öndərin xalqımızın həyatındakı əvəzedilməz rolundan danışaraq vurğulayıb ki, hələ sovet hakimiyyəti dövründə Azərbaycan dili, iqtisadiyyatı, təhsili ilə bağlı bir sıra tarixi qərarlar qəbul edilib, ölkəmiz geridə qalan aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirilib, onun sosial-iqtisadi və mədəni tərəqqisi təmin edilib. Milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanılıb. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsinin, eləcə də müstəqil dövlətimizin inkişafının məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlı olduğunu söyləyən natiq, Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü, dinamik inkişaf edən ölkəyə çevrildiyini vurğulayıb.
Sonda Ümummilli Liderin siyasi fəaliyyətinə həsr olunan “Heydər Əliyev Fenomeni” adlı sənədli film nümayiş etdirilib.