Bildiriş Sosial sığorta haqlarının hesablanması üzrə:


Bildiriş
Sosial sığorta haqlarının hesablanması üzrə:
1. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə məcburi dövlət sosial sığorta haqqının hesablanması:
“Sosial sığorta haqqında” Qanunun 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır.
Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslər tərəfindən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlara görə sosial sığorta haqqının ödənilməsi həmin torpaqlardan istifadə ilə şərtləndirilmişdir.
Buna əsasən fiziki şəxs tərəfindən mülkiyyətində olan pay torpaqları istifadə edilmədiyi halda həmin torpaqlara görə torpaq mülkiyyətçisinin sosial sığorta haqlarının ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə müvafiq orqandan (bələdiyyə orqanından, yerli icra orqanlarından) təsdiqedici arayış əldə edilməli və vergi orqanına təqdim edilməlidir. 
Eyni zamanda kənd təsərrüfatına yararlı torpaqların mülkiyyətçiləri tərəfindən həmin torpaqların icarəyə verilməsi zamanı məcburi dövlət sosial sığorta haqqı ödənilmir.
Belə ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növünə aid edilmişdir. 
Bundan əlavə, icarəyə götürülmüş kənd təsərrüfatına yararlı torpaqlar üzrə icarəyə götürən şəxs Qanunun 14.5.6-cı maddəsi ilə müəyyən olunmuş qaydada sosial sığorta haqqı ödəmir. Bu halda digər şəxsin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağı icarəyə götürən şəxs Qanunun 14.5.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada sosial sığorta haqqı hesablayıb ödəyir.
Qeyd olunanlarla yanaşı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan bütün fiziki şəxslər həmin torpaq sahələrini istifadə edib-etməməyindən asılı olmayaraq vergi orqanlarında uçota alınmalıdır.
2. Həyatın yığım sığortası üzrə bağlanan müqavilə üzrə sosial sığorta ödənişləri və gəlir vergisinin hesablanması barədə:
Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.
İşçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.
Bəzi hallarda işəgötürən sosial sığorta haqlarından azad edilməklə sığortaçı şirkətə ödənilən işçinin 50 faizdən çox olmayan gəlirlərinə görə işəgötürənin vəsaiti hesabına ödənilməli sosial sığorta haqlarını da işçinin xeyrinə sığortaçı şirkətə ödəyir. 
Bu zaman nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.
Misal:
Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri – 1000 manat
Həyatın yığım sığortasına yönəldilən məbləğ – 500 manat
İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği – 110 manat (500*22%)
Bu halda işinin aylıq gəliri 1110 manat təşkil edir (1000 manat əmək haqqı+işəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olacaqdır. Qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.
Bunlardan əlavə nəzərə alınmalıdır ki, həyatın yığım sığortası müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığortaolunanın gəlirləri və gəlirlərindən tutulmuş sosial sığorta haqqı barədə müvafiq arayış alınmalı və işçidən tutulmalı olan sosial sığorta haqqı sığortaçı tərəfindən hesablanmalıdır. İşəgötürən tərəfindən ödənilməli olan sosial sığorta haqları isə işəgötürənin özü tərəfindən hesablanıb ödənilməlidir. Bu məqsədlə sığortaçı və işəgötürən tərəfindən hesablamalar ödənişin aparıldığı (sığortaçı tərəfindən ödənişlərin aparılmalı olduğu) hesabat dövrü üçün bəyan edilməli və hər bir ay üzrə ayrılıqda hesablanmalıdır.
Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən isə sosial sığorta haqqı hesablanmır.
Belə ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən faiz gəlirləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növüdür.
3. Əmək qabiliyyətini müvəqqəti itirən işçiyə ödənilən müavinət üzrə:
 “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.
Bunlarla yanaşı, vergitutma məqsədləri üçün həmin müavinət fiziki şəxsin vergi tutulan gəlirinə aid edilir və ümumi qaydada gəlir vergisinə cəlb edilir. 
4. Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblərə sosial sığorta haqqı hesablanarkən gəlirdən çıxılan xərclərin nəzərə alınması barədə:
“Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqına cəlb olunurlar. Bu zaman hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan gəlir vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur və 20 faiz dərəcə həmin fərqə tətbiq edilir.
5. Normadan artıq olan ezamiyyə xərcləri üzrə:
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri sosial sığorta haqqına cəlb olunmur.
Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanmır. 
6.Xarici ölkələrdə əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları üzrə:
Xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşlarının   gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmur.
Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycan Respublikasında ümumi qaydada “Sosial sığorta haqqında”  Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə uyğun olaraqməcburi dövlət sosial sığorta haqqı ödəyirlər (yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə müəyyən olunan dərəcə ilə hesablanır).
7.İşçinin xərclərinin əvəzi kimi digər şəxslərə ödənilən məbləğlər üzrə:
İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin(təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.
8.Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə:
Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə (misal olaraq şəxs ticarət fəaliyyəti ilə yanaşı xidmət sahəsində də fəaliyyət göstərir) məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir. 
9. Əcnəbilər üzrə:
Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad edilmişlər. 
Eyni zamanda əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna əsasən əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.
9.1.Azərbaycan Respublikasının hüdudlarındankənarda əcnəbilər tərəfindən rezidentə göstərilən xidmətlər üzrə:
“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunur. 
Xarici vətəndaşların (əcnəbilərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda rezident vergi ödəyiciləri ilə bağlanmış müqavilələrə əsasən rezidentə xidmət göstərməsinə görə həmin əcnəbi fiziki şəxslərəaparılan ödənişlər məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.
İşsizlikdən sığorta haqlarının hesablanması üzrə:
“İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tariflərisığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir. 
Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.
Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir. 
Qeyd olunanlara əsasən sığortaedən tərəfindən ödənilən sığorta haqqı ilə sığortaolunanın ödədiyi sığorta haqqı məbləğləri fərqli məbləğlər ola bilər. 
Misal:
İşçinin aylıq vəzifə maaşı - 800 manat
İşçinin mükafatı – 200 manat
İşəgötürənə olan borcun bağışlanmasından gəliri – 150 manat
Bu halda işsizlikdən sığorta haqqının hesablanması aşağıdakı qaydada həyata keçirilir:
Sığortaolunan (işçi) tərəfindən ödənilən – 1000*0,5%= 5 manat
Sığortaedən (işəgötürən) tərəfindən ödənilən – 1150*0,5% = 5,75 manat
4 saylı Ərazi Vergilər İdarəsi


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az