Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in birgə təşkil etdiyi 10 günlük yay düşərgəsinə start verilib.
Düşərgə Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən istirahət mərkəzində təşkil olunub. Burada xüsusilə aztəminatlı ailələrdən olan 6-16 yaş arasında 40 uşaq iştirak edir. Düşərgənin ilk günündə tanışlıq və düşərgə zamanı təşkil ediləcək fəaliyyətlər haqqında ümumi məlumat verilib. Uşaqlar qruplara bölünərək düşərgədə qrup rəhbərlərinin nəzarəti altında yerləşdirilib.
Tədbirin ikinci günündə uşaqlara “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirilib. Mövzu ilə bağlı uşaqlarla qrup işləri və müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin düşərgə zamanı uşaqların günlük fəaliyyətlərinin səmərəli təşkili üçün müxtəlif əyləncəli oyunlar, yarışmalar keçirilib.
Qeyd edək ki, yay düşərgəsi zamanı iştirakçılara uşaq hüquqları, asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, uşaqların internet təhlükəsizliyi, uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı, uşaqlar üçün həyati bacarıqlar mövzularında təlimlərin keçirilməsi, uşaqların Şamaxı rayonunun müxtəlif yerlərinə ekskursiyasının təşkili nəzərdə tutulur.
Düşərgə zamanı iştirakçıların təhlükəsizliyinin təmin olunması və sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülüb.