Şamaxı rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərin idarə edilməsinin təkmilləşdirilməsi proqramı” çərçivəsində çəyirtkəkimilərlə mübarizə üzrə milli təlim keçirilib.
“Çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, o cümlədən Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDS)” sessiyası formatında keçirilən təlimdə Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, həmçinin çəyirtkəkimilərin bioloji və ekoloji xüsusiyyətləri, eləcə də sürü əmələ gətirən çəyirtkələrin identifikasiyası barədə iştirakçılara məlumat veriblər.
Təlimdə çəyirtkəkimilərin 20-dək növünün sürü əmələ gətirdiyi, bunlardan Mərakeş (Dociostaurus maroccanus), İtaliya (Сalliptamus italicus) və Asiya (Locusta miqratoria) çəyirtkələrinin Azərbaycanda geniş rast gəlinən növlər olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilərin müşahidəsi zamanı ASDS sistemindən istifadə” mövzusunda məruzə olunub, eyni zamanda, “Planşetlə formaların doldurulması” və “Doldurulmuş formaların yoxlanılması, redaktə edilməsi” mövzularında iştirakçılara praktiki məşğələlər keçirilib.
“Çəyirtkələrlə mübarizədə müasir strategiya və texnologiyalardan istifadə olunması” mövzusunda çıxış edən Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Yaqub Cəfərov, çəyirtkəkimilərə qarşı aparılan mübarizə çərçivəsində dərmanlanmanın həyata keçirilməsi qaydası və pestisid riskinin azaldılması barəsində iştirakçılara məlumat verib.
O, çəyirtkələrlə mübarizədə preventiv strategiyanın həyata keçirilməsi, çəyirtkələr əleyhinə mübarizə zamanı UMO və ya tamhəcmli çiləmənin aparılması və pestisidlərin tətbiqi texnologiyası barəsində danışıb, eləcə də, çiləyicilərin kalibrovkası, hazırlanması və çiləmənin aparılması haqqında iştirakçılara praktiki məşğələlər keçirib.
Təlimdə, həmçinin “Çəyirtkələrlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusu da iştirakçıların diqqətinə çatdırılıb və çəyirtkələrlə mübarizə kampaniyası dövründə yaranan risklər, eləcə də risklərin müəyyən edilməsi və ən çox riskə məruz qalan canlılardan bəhs edilib.
İki gün davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb