Azərbaycanın öz imkanlarından istifadə edərək, Beynəlxalq miqyasda təhlükəsizliyə, təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında əməkdaşlıq əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr dünyada yüksək dəyərləndirilir. Bunu ölkəmizin BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatıındakı uğurlu fəaliyyətinin timsalında da görmək olar.
2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunan ölkəmiz qısa müddət ərzində təşkilatda olduqca böyük nüfüz və etimad qazandı. Qoşulmama Hərəkatına üzvlük Beynəlxalq sülh təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizə daha yaxından cəlb olunmasına və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına münasib şərait yaratdı. Qoşulmama Hərəkatı həmçinin Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyir və Vətən müharibəsi dövründə qəbul etdiyi sənədlərlə ölkəmizin yanında olduğunu ifadə edib.
Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır. Ehtiyac yarandığı təqdirdə hümanitar aksiyalarda fəal iştirak edir.
2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə hümanitar və texniki yardımlar göstərib. Bu gün Qoşulmama Hərəkatına üzv olan 30-dan çox olan ölkənin vətəndaşlarına ali məktəblərimizdə təhsil almaq məqsədilə tamödənişli təqaüdlər verilir.
Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirilməsi daim ideyaların təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətlərini dəstəkləməsi, qrumun fəaliyyətinə digər sanballı töhfələr verməsi, təşkilatda ölkəmizin böyük etimad və nüfüz qazandırıb. Bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv ölkələrin 2016-cı ildə Venesuellada keçirilən Zirvə görüşündə 2019-2022-ci illər üzrə qruma sədrliyi Azərbaycana həvalə edilməsi barədə yekdil qərar edib.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdır. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə bütün dünyanı ağuşuna alan “Koronavirus (COVİD-19) pandemiyası” qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycanın təklifi əsasında 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının COVİD- 19-a qarşı mübarizə üzrə təmas qrupunun Zirvə görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD -19-a qarşı mübarizə üzrə xüsusi ssesiyasının keçirilməsi ilə bağlı təşəbbüsüdə bütün dünyada böyük rezonans doğurdu. Belə ki, 150 -dən ardıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi. Bundan başqa Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq Qoğulmama Hərəkatı modeli Beynəlxalq simulasiya təlimi keçirildi.
Azərbaycan pondemiyanın yaratdığı çətinliklərə baxmayaraq Qoşulmama Hərakatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. Qoşulmama Hərəkatına üzv olan dövlətlərin üç illik sədrlik 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir ildə sədrlik etmək barədə müraciət etmələri isə dünyada ölkəmizə onun liderinə olan böyük inamın və etibarın ifadəsidir.
Azərbaycan iyulun 5-də daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Paytaxt Bakı dünyanın çoxsaylı ölkələrinin diqqət mərkəzində oldu. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü mühüm mesajların, çağırışların səsləndiyi növbəti əhəmiyyətli tədbir oldu.
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iştirak edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu deyən Prezident İlham Əliyev, COVID-19 pandemiyası ilə mübarizədə məhz Qoşulmama Hərəkatının qlobal səyləri birləşdirdiyini vurğuladı: “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik”.
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı da yaradılıb. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş gedir. Dövlətimizin başçısı çıxışında Azərbaycanın neokolonializm meyillərinin artmasından da narahat olduğunu bildirib. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Cənab Prezidentin dediyi kimi, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır.” Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram.
Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.
Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur.
Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir”.
“Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır”
BMT Təhlükəsizlik Şurası (TŞ) keçmişin qalığı olduğunu və hazırkı reallıqları əks etdirmədiyini vurğulayan dövlət başçısı deyib: “Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır”.
BMT TŞ-də Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu xatırladan Prezident əlavə edib: “Biz bu fikirdəyik ki, QH-yə, İƏT-ə və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.
İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya kimi məsələlərə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə toxunan İlham Əliyev, Azərbaycanın Hərəkata sədrliyi dövründə Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoymasından və işğalçı ölkə kimi Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olmasından danışıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir.
İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir.
Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.
Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.
Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.
Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür”.
Azərbaycan Prezidenti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğundan, bölgədəki erməni hərbi və yarımhərbi elementlərin tərk-silah edilməsinin vacibliyindən danışıb. İlham Əliyev eyni zamanda qeyd edib ki, “Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur”.
Prezident İlham Əliyev çıxışının sonunda işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə, həmrəyliyə və dəstəyə görə təşəkkür edib.
Azərbaycan Prezidentinin çıxışında dünyada baş verən proseslərin və mövcud reallıqların aydın mənzərəsi öz əksini tapıb. İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı yeni dünya düzəninin formalaşmasında qətiyyətli rol oynamaqla bir çox yeniliklərə imza atıb. Azərbaycan Prezidentinin çağırışları və irəli sürdüyü təkliflər sayəsində xoşniyyətli səylər öz bəhrəsini verib, qlobal problemlərin həlli istiqamətində fəallıq nümayiş olunub.
Dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edərək təşkilatın təsir dairəsini genişləndirmək, nüfuzunu qat-qat yüksəltmək Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin bəhrəsidir. 120 ölkənin siyasi kordinatoru olan Azərbaycan Prezidentinin təşkilata uğurlu sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı məqamlar onu göstərir ki, insan hüquq və azadlıqlarına, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etməklə bəşəri dəyərləri özündə ehtiva edən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata çevrilib. Azərbaycanın uğurlu sədrliyi Qoşulmama Hərəkatını böyük qüvvəyə çevirməklə Hərəkatın nüfuzunu daha da artırıb.