Prezident İlham Əliyev: “Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə etibarlı tərəfdaşıdır”.


Prezident İlham Əliyev cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış edib
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar.
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənildi. Xanım Kadri Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğuladı, bu məsələdə Azərbaycanın roluna toxunaraq dedi: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Sofiyada 4 Balkan ölkəsi ilə SOCAR arasında imzalanan Anlaşma Memorandumu bu ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Avropa ölkələrinin hazırki zamanda yaşadıqları enerji problemləri zamanı enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradıb. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq öz töhfəsini verir.
Cənab Prezidentin Bolqarıstan səfəri Azərbaycanın enerji siyasətində atılan önəmli addımlardandır. Ölkə başçısı bu istiqamətdə davamlı addımlar atır. Xüsusən Şərqi Avropa dövlətləri ilə bu istiqamətdə əlaqələr və əməkdaşlıq genişlənir. Şərqi Avropa dövlətləri Azərbaycan enerji bazarı üçün əsas tranzit rolunu oynayır, həm də istehlakçı ölkələrdir. Bu eyni zamanda Azərbaycanın Aİ ilə yaxınlaşması və inteqrasiya istiqamətində atılan mühüm addımdır.
Azərbaycanın uğurlu enerji siyasətində Bolqarıstan kimi ölkələrin üzərinə böyük yer düşür. Bu baxımdan ölkə başçısının Bolqarıstana olan bu səfəri ölkəmizin iqtisadi əlaqələri və dayanıqlı enerji bazarlarına çıxışının təmin olunması baxımından çox önəmlidir.
Azərbaycan prezidenti imzalanma mərasimində, "Bu təşəbbüsə görə Prezident Radevə təşəkkürümü bildirmək istərdim. Bu, enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır" deyib və əlavə olaraq qeyd edib ki, " Altı ay əvvəl mən Bolqarıstana rəsmi səfər etdim. Beləliklə, altı ay keçdikdən sonra yenə buradayam. Həmin vaxt, biz Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radev Azərbaycanda bizim qonağımız oldu. Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Əminəm ki, bu gün keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq.
Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq.
Mən, həmçinin Sizə bildirmək istərdim ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, biz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşıq. Neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin ixracımızın bir hissəsidir. Mən, həmçinin enerji inkişaf yolunu xatırlatdığına görə Slovakiyanın nazirinə təşəkkürümü bildirmək istəyirəm. Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Eyni zamanda, mən sizə bildirmək istəyirəm ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.
Yekun olaraq, hamımızı Anlaşma Memorandumunun imzalanması münasibətilə təbrik etmək istəyirəm və birgə planımızın ən yaxın vaxtlarda icrasına ümid edirəm. Sağ olun".
Azərbaycan qaz tədarük etdiyi ölkələrin sayını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq.
Həmçinin aprelin 25-də iki dövlət başçılarının iştirakı ilə Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.
SOCAR regionda aktiv şirkətlərdəndir. Xüsusən də Avropanın enerji təhlükəsizliyinə verəcəyi enerji təminatında xüsusi rolu var. Digər tərəfdən SOCAR investisiyalarının həcmini genişləndirməyə çalışır. Bu hal təbii ki SOCAR üçün investisiyaların diversifikasiyası baxımından mühümdir. Azərbaycan üçün enerji resursularını Avropa bazarına daha geniş həcmdə və miqyasda çıxarması baxımından əsasdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatı üçün vacib anlaşmadır. Bu, birmənalı şəkildə Azərbaycanın dövlət gəlirlərinin artmasına kömək edəcəkdir.
Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaqdır. Bu da Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az