Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, eləcə də insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.
3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən xilas etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-nəqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bugünü üçün möhkəm təməl yaratdı.
Ümummilli Liderin andiçmə mərasimindəki tarixi nitqi bu gün də xatırlanır: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ulu Öndər xalqa verdiyi sözə sadiq qaldı, 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
Anarxiya, xaos, özbaşınalıq, ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı qruplaşmaların qanunsuz hərəkətləri əhalini təngə gətirmişdi. 1991-1993- cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.
Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat cütlüyünün qeyri-peşəkar idarəçiliyi dövlətçiliyimizi təhlükə altında qoymuş, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratmışdı.
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.
Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi.
İlkin çətinliklər geridə qoyulduqdan və ölkə üçün çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Onun rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.
Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə Heydər Əliyevin fenomenallığı sübut olunmuş faktdır.
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa və güclü hafizəyə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Auditoriya Heydər Əliyevi öz qarşısında Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan bir dilçi alim görürdü.
Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Resspublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyimi dahi şəxsiyyətin həyat manifesti idi.
Ümummilli Lider Heydər Əliyev özünün bütün siyasi karyearsı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdəti öz əksini tapır.
Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.
Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər Azərbaycanın strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bu gün də bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddət xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə yönələn real hüquqi, siyasi və iqtisadi əsasların yaradılmasını, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın konstitusion hüquqlarına sahib çıxmasını, milli-mənəvi yüksəlişə nail olmasını, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir.
Ulu Öndər tətbiq olunan hər hansı demokratik yeniliklərin xalqın milli xüsusiyyətləri, dünyagörüşü, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".
Qərbə inteqrasiya yolunu tutan Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının da məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.
Ulu Öndər Azərbaycanın qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüsləri ilə milli dövlətçilik və xalqımızın milli mənafeyini təmin etmək istiqamətində yorulmadan çalışırdı. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durur. Ulu öndər Heydər Əliyev mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Onun təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.
Ümummilli Lider Azərbaycan və Ermənistan arasında münaqişənin beynəlxalq və regional təşkilatlar vasitəsilə həlli prosesində mühüm rol oynamışdır. Ulu Öndərin səyləri nəticəsində mövzu XX əsrin son onilliyində beynəlxalq təşkilatlar tərəfindən ən çox müzakirə olunan məsələlərdən birinə çevrilmişdir. Dövlət başçısı olduğu müddət ərzində Heydər Əliyev çoxtərəfli və birtərəfli formatda olan bütün sülh təşəbbüslərini müsbət qarşılamışdır. Onun münaqişənin həlli ilə bağlı əsas mövqeyi ərazi bütövlüyünün bərpası idi. Bu baxımdan, Ümummilli Lider müxtəlif tribunalardan çıxışları zamanı hər dəfə qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda güzəşt mövzusu olmayacaqdır.
Ümummilli Lider Heydər Əliyev beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini anlatmağa nail olmuş, müharibə ilə bağlı həqiqi arqumentlər irəli sürmüş, ölkələr arasında qırğınları dayandırmaq üçün atəşkəs razılaşmasına nail olmuş, beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasındakı Qarabağ məsələsini öz gündəmlərində aparılan müzakirələrə daxil etməyə inandırmış, və münaqişənin həlli üçün bir sıra çoxtərəfli və birtərəfli təşəbbüslərdə iştirak etmişdir ki, bu da Azərbaycanın mövqeyini gücləndirmiş və sonradan münaqişənin həlli üçün hüquqi baza yaratmışdır.