booked.net

15 İyun- Milli Qurtuluş Günü


15 İyun- Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, mühüm ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 
Həmin gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ulu öndər Heydər Əliyevin ölkəmizi itirilmə təhlükəsindən xilas etdiyi tarixdir.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bunun əsas səbəblərindən biri həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək bacarığından uzaq şəxslərin rəhbərlik etməsi idi. Belə bir hakimiyyətin müstəqilliyimizi qoruyacağına, xalqımızı yaranmış böhrandan çıxaracağına ümid yox idi. Ölkə sürətlə vətəndaş müharibəsinə sürüklənirdi. Ümummilli liderimizin dediyi kimi, nəinki dövlət müstəqilliyimiz, hətta milli varlığımız real təhlükə altında idi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Və bu arzu 1993-cü il iyunun 15-də gerçəkləşdi.
Həmin gün Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Bütün çətinliklərə və maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Respublikamız informasiya blokadasından çıxdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi.
Qazanılan bütün nailiyyətlərin əsasında ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Vətən müharibəsindəki böyük zəfərimiz, həyatımızın bütün sahələrində qazandığımız nailiyyətlər, məhz Heydər Əliyev kursuna sadiqliyin nəticəsidir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

 Baş redaktor  Könül Məmmədova


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
  • 10.07.2021, 11:02 YADDAŞ
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az