Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşdə 44 günlük müharibədə qazanılmış uğurları diplomatik masada da bir daha möhkəmlətdi. Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir. Dünya bir daha rəsmi Bakının sülhsevər, əməkdaşlığa hazır mövqeyini gördü.
2021-ci il dekabrın 14-də keçirilmiş görüşdə Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən əsası qoyulan Brüssel sülh gündəliyinin ümidverici prosesləri 2022-ci il aprelin 6-da tərəflər arasında davam və inkişaf etdirildi.
Avropa İttifaqı Şurası Prezidentinin Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etməsi, əslində İttifaq tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyin ifadəsidir. Ən vacib məsələ isə Şarl Mişelin bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşləri, bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsidir. Azərbaycanın haqlı mövqeyinin təsdiq edən digər bir cəhət Şarl Mişelin itkin düşmüş şəxslər, humanitar minatəmizləmə səyləri, reabilitasiya və rekonstruksiya fəaliyyəti, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, birgə iqtisadi əməkdaşlıq platformasının və regionda komunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi kimi mühüm məsələlərə müsbət mövqe və dəstək ifadə etməsidir.
Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib.
Beləliklə də, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin konstruktiv nəticələrin əldə olunması üçün başlıca prinsiplər olduğu həm Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Məlumdur ki, həmin sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə əldə olunan razılıq yerinə yetirilərsə, bu, gərginliyin azaldılmasına böyük fayda saxlamış olacaq.
Digər tərəfdən bu, komunikasiyaların açılmasına, səmərəli və konstruktiv əməkdaşlığın əsasının qoyulmasına xidmət edəcəkdir. Bu razılaşmalar bir daha göstərdi ki, Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində səylərini qiymətləndirir. Diplomatik müstəvidə qazanılan qələbə gələcək inkişafa və əmin-amanlığa töhfə olmaqla bərabər, münaqişə tərəflərinin vasitəçilərsiz anlaşa bilməsi yönündə irəliyə doğru atılmış addım oldu.
İlk dəfə olaraq Avropa İttifaqı kimi beynəlxalq təşkilat sülh danışıqlarının reallığına çalışmasını ortaya qoydu və bununla da indiyə qədərki vasitəçilərdən fərqli olaraq, tərəflərin təkbətək, konstruktiv danışıqlarına yaşıl işıq yandırdı. Bu da onu göstərir ki Avropa ittifaqı bölgədə təminatlı sülhün olmasında maraqlıdır və anlayır ki, bu marağın reallaşması yalnız Azərbaycan rəhbərinin irəli sürdüyü şərtlər daxilində mümkün olacaqdır.
İki ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması infrastruktur layihələr müstəvisində əməkdaşlağın mümkünlüyünün ifadəsi kimi qiymətləndirilir.
Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.
Prezident İlham Əliyevin Brüssel səfəri, səfər çərçivəsində keçirilən görüşlər bir sıra məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də, dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü zamanı ifadə edilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş olduğunu bir daha təsdiqlədi. Növbəti dəfə ifadə edildi ki, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi Aİ üçün strateji məsələdir- mühüm əhəmiyyətə malikdir.
Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Bu isə bölgədə söz və nüfuz sahibi olan Azərbaycanla səmərəli - məqsədyönlü əməkdaşlıqdan asılıdır.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artması da Aİ tərəfindən diqqətdə saxlanılır, yüksək dəyərləndirilir. Bu da təsadüfi deyil, çünki Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad isə sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.
Bütün bunlar, həm də onu təsdiq edir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.
İndi həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması geosiyasi qüvvələr və qütblərin, eləcə də regional güc mərkəzlərinin diqqətindədir. Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Müxtəlif qüvvələr, o cümlədən Avropa İttifaqı postmüharibə bu prosesə vacib töhfə verə bilərlər. Elə bu istiqamətdə müvafiq təklif və təşəbbüslər də irəli sürülür, diplomatik təmaslar davam etdirilir.
Ermənistandakı revanşist qüvvələrin hər vəchlə sülh prosesinə mane olmağa çalışması, Ermənistan hakimiyyətinin zaman-zaman müxtəlif mövqelər sərgiləməsi belə bu prosesin qarşısını ala bilmədi. Artıq yeni dünya düzəni formalaşır və bu reallığı erməni cəmiyyəti də qəbul etmək məcburiyyətindədir. Azərbaycanın haqq səsini dünyaya çatdıran, milli maraqları hər şeydən üstün tutan liderimiz müxtəlif maraqlı gücləri öz qətiyyətli və ardıcıl siyasəti ilə inandıra billdi, Ermənistanın prosesi ləngitmək cəhdi də iflasa uğradı.