26 fevral Xocalı Soyqırımı günüdür


Bəşər tarixində elə ağrı-acılı, qanlı-qadalı hadisələr yaşanıb ki, zaman onları bu gün də unutdura bilmir- Xocalı müsibəti kimi!

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xalqımızın başına gətirilən bu dəhşətli qətliam təsadüfi hadisə deyil. Bu soyqırımı törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 366-cı motoatıcı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu. Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində soyqırımı Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Hadisə yerində olmuş xarici jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları xalqımızın başına gətirilən dəhşətli müsibətin dünya ictimaiyyətinə çatıdılmasında əhəmiyyətini də qeyd etmək lazımdır. Faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb. O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışıb.

Londonda dərc edilən nüfuzlu Faynenşl Tayms və Tayms qəzetləri, Moskvada çıxan İzvestiya, Parisdə dərc edilən Le Mond qəzeti və s. nəşrlər də öz səhifələrində erməni vəhşiliyini konkret faktlarla oxucularına çatdırmışdır.

“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir:belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin bütün elementləri tədbiq edilib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olduğunu qeyd etmişdir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunədir.

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyasını hazırda 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan Justice for Khojaly informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə oluna bilər. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri:- Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya
ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması.

Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 26 fevral 2017-ci il tarixində XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak edib. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular.

İndi dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”,- deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən yüksək beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb edib, dünya dövlətlərini erməni faşizminə biganə qalmamağa çağırıb.

Lakin Xocalı kimi faciəvi soyqırımı törədib, azərbaycanlıları yurd-yuvasından didərgin salan ermənilər təsəvvür etmədilər ki, bir gün torpaqların sahibi geri gələcək. 28 illik ağrı-acının, yurd nisgilinin qisas hissi o qədər dərin olacaq ki, geri gəldiklərində verdikləri dərs bütün dünyaya görk olacaq! Təbii ki, 30 ilə yaxındır torpaqlarına geri qayıtmağa can atan bir xalqın vətəndaşları üçün Vətən müharibəsi qədər müqəddəs heç nə ola bilməzdi. Məqam yetişmiş, səbir kasası dolmuş xalq isə hazır idi. Hamı bir nəfər kimi Ali Baş Komandanının döyüş əmrini gözləyirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil. Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Hər bir vətəndaş Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi və nəticə qələbə oldu. Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramıza qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az