27 sentyabr- Anım Günü


Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar

Azərbaycanın üzvi tərkib ərazisi Qarabağın dağlıq hissəsi məzmununda coğrafi anlayış bildirən “Dağlıq Qarabağ” ifadəsi Birinci Dünya müharibəsinin sonlarında terminləşməyə, yəni konkret siya­si məna kəsb etməyə başladı. Çar Rusiyası tərkibində Qarabağ ərazisi müxtəlif inzibati bölgülərə məruz qalmış, onun ərazi bütövlüyü pozul­muşdu. 
           1920-ci ildə bolşeviklərin xeyir-duası ilə tarixi Azərbaycan torpaqlarında zaman-zaman gəlmə ermənilər üçün res­publika, 1923-cü ildə isə ölkəmizin mərkəzi vilayəti Qarabağda muxtar vilayət yaradılması xalqımızın ta­rixi taleyinə qəsd idi. Təəssüf ki, sonrakı onilliklərdə Azərbaycan tərəfinin siyasi lek­sikonunda bu reallıqlar nəzərə alınmayıb və Dağlıq Qarabağın həqiqi məzmununa uyğun anlayışın bərpasına əhəmiyyət verilməyib.         
           Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur.
           1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu və onun başçılığı ilə 1918-ci ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədildi. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12-15 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşlər.
            Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 mindən çox azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Eyni zamanda Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında (şəhərlə birlikdə) 16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı amansızlıqla öldürülmüşdür.
             Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
         Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdirUlu Öndərin 1998-ci ildə imzaladığı Fərmanilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 
1991-ci ildən başlayaraq xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 %-ni işğal etdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, misilsiz mədəniyyət abidələri ya tamamilə məhv edilmiş, ya da mənimsənilmişdir. Nəticədə Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurulmuşdur. Dinc azərbaycanlılara qarşı törədilmiş qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində ağlasığmaz  vəhşilik aktıdır.
           1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-nin taleyi indi də məlum deyil. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.
               Lakin dünya birliyi nədənsə bu amansızlıqlara susdu. Bu münaqişənin həlli üçün təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, dondurulmasına çalışmış və beləliklə danışıqlar nəticəsiz qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də Ermənistana təzyiq göstərməkdə acizlik çəkmiş, tərəfləri sülhə çağırmaqla kifayətlənmiş və nəticədə 4 qətnamə 27 il kağız üzərində qalmışdır. Bu illər ərzində Ermənistan işğalçılıq siyasətini davam etdirmiş, təmas xətti boyunca dinc əhaliyə atəş açaraq təxribatlar törətmişdir. Təbii ki, törətdiyi bütün cinayətlərə görə Ermənistan beynəlxalq müstəvidə cavab verməlidir. 
               Onu da qeyd etmək lazımdır ki, bu zaman kəsiyində Azərbaycan bu işğalla barışmadığının siqnallarını vermişdir. 2016-cı il aprel ayında Lələtə, 2020-ci il iyul ayında Tovuz döyüşləri ermənilərə verilən gözdağı idi. 
               İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özünə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.
             Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılmış və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilmişdir.
              İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunmuşdur. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılmış, Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və sair də erməniləşdirilərək qriqoryanlaşdırılmışdır. Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia etmiş və bu niyyətlə məkrli addımlar atmışlar. 
44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi,- "Xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi. Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini və  8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət  bərpa olundu.
Törətdiyi bütün cinayətlərə görə düşmən beynəlxalq müstəvidə cavab verməlidir. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmışdır. Vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. 
             Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. 
Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir.- Bu da rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.
            Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
                “Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur. 
               Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar və bu Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunmuşdur.
                   Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
                Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. 
Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir. 
             Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
           Sentyabrın 12-də Bakıda ilk dəfə başlayan strateji tərəfdaş olan 3 ölkənin- Azərbaycan, Türkiyə və Pakistanın hərbi birliklərinin iştirakı ilə "Üç qardaş-2021" təlimləri ölkələrimizə böyük perspektivlər vəd edir. 
             Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlayıb.
Qardaş ölkə ilə olan milli bağlarımız ordu quruculuğu sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən bəhrələnmək mühüm əhəmiyyət daşıyır. Birgə təlimlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az