Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji istiqamətləri


            Avropa İttifaqı Azərbaycan üçün olduqca yaxın tərəfdaşdır və əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur.  Prezident Şarl Mişelin ölkəmizə səfəri bunun əyani göstəricisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. 
             Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. “Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”, - deyə Azərbaycan Prezidenti mətbuat konfransında vurğulayıb.
            Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirirb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirlər: “Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır.” 
               Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu göstərən bir neçə fakt: Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Bu il isə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirməklə yanaşı, Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir.
             Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu sahədə qazanılan tarixi nailiyyətlər deməyə əsas verir ki, öhdəliklərə ciddi əməl edilir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu- dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. 
        Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. 
          15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Ölkəmizin qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.
          Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verən daha bir istiqamət: nəhəng nəqliyyat infrastruktur layihələri. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb və bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. 
Ölkə rəhbəri bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu gün daha miqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Əgər Avropa İttifaqı bölgədəki proseslərə töhfə vermək istəyirsə, bu məsələdə aktiv rol oynamalı və reallıqlar çərçivəsində əməkdaşlıq genişləndirlməlidir. Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir və Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. 
              Azərbaycan inkişaf etməkdə olan ölkə kimi, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlığı da prioritet hesab edir. Rəsmi açıqlamalarda da bildirilir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Azərbaycan bu gün özü bir çox hallarda donor kimi çıxış edən və kasıb ölkələrə əl tutan dövlət sırasındadır. 
              İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür. İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı inşa edilir. Birincisi - Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi - Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq
Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir.Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.
               Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malik olması Azərbaycana Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Azərbaycan bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını edib. 
               Regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Regionda bütün kommunikasiyalar paralel olaraq açılarsa   Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaranacaq. 
            Aİ və dünya ilə nəzərdə tutulan böyük əməkdaşlıqlara, o cümlədən dayanaqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına maneə olan amillər də yox deyil və bunları da Prezident Əliyev bəyan edib.  
                Dövlət başçısı bildirib ki, basdırılmış minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. 
               Beləliklə, Avropa İttifaqına duyuruldu ki, əgər bölgədə sürətli inkişaf, dayanıqlı sülh, enerji və nəqliyyat sahələrində genişlənən əməkdaşlıq istənilirsə, buna mane olan amillərin aradan qaldırılması birinci iş kimi qarşıda dayanır. Mina xəritələrinin tam verilməsi, ərazilərin minalardan daha tez təmizlənməsi üçün əməkdaşlıq, sərhədlərin delimitasiyası, sülh razılaşması üçün Ermənistanın tərxribatçı davranışları ən qısa zamanda dayandırılmalıdır, bu bir şərt kimi aqressorun qarşısında qoyulmalıdır. Belə olan halda qarşıya qoyulan məqsədlərə çatmaq həm Aİ, həm də Azərbaycan üçün əlverilşli olacaq.
                  ...Prezident İlham Əliyev mətbuat konfransında Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə bir daha çatdıraraq dövlətimizin haqlı mövqeyini qətiyyətlə bəyan etdi. Münaqişənin bitdiyi və artıq səhifəni çevirməyin, sülh barədə düşünməyin vaxtının çatmasının Prezident İlham Əliyev tərəfindən qeyd edilməsi bir daha göstərir ki, Azərbaycan hər zaman sülhə hazırdır. 
             Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel səfər çərçivəsində Şamaxıya gəlməsi, Şamaxı Cümə məscidi ilə tanışlıqdan sonra bir sıra layihələrin təqdimatında iştirak etməsi, eyni zamanda, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin fəaliyyəti ilə tanış olması da Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu göstərir.
               “Azərbaycanda  Böyük Qafqaz Dağlıq Ərazilərində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin təqdimatında Avropa İttifaqı Şurasının Prezidentinə məlumat verilib ki, Azərbaycan Turizm Bürosu ilə birgə "Slow Food" tərəfindən həyata keçirilən layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regiona daxil olan 5 rayonu- Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir. "Slow Food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.                   
                  Layihənin əsas məqsədi yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılması, qastronomiya və mədəni irsi dəyərləndirməklə Azərbaycandakı kənd icmalarının iqtisadi durumunun bərpasına və rifahının yaxşılaşdırılmasına dəstək göstərməkdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az