Azərbaycan etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkədir


Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.
Ölkəmizin malik olduğu nüfuz və diplomatik resurslar yalnız yerləşdiyimiz regionla məhdudlaşmır, beynəlxalq xarakter daşıyır. İkitərəfli əməkdaşlığımızın coğrafiyası və məzmunu daim genişlənir, Azərbaycanın tərəfdaşlarının sayı artır. Ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh, sabitlik və çiçəklənmənin sərhədlərinin genişləməsinə töhfə verir.
Ölkəmiz xarici siyasət kursunda hər zaman ardıcıl olub, bütün öhdəliklərinə qətiyyətlə yerinə yetirib. Bununla bərabər, Azərbaycan xarici siyasətdə açıq və prinsipiallığına görə əməkdaşlıq etdiyi ölkələr tərəfindən bərabərhüququlu tərəfdaş kimi qəbul olunub.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Bu gün ölkəmizin maraqları nəzərə alınmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Biz beynəlxalq təşkilatlar çərçivəsində dünyanın əksər ölkələri ilə uğurlu əməkdaşlıq edirik. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına dəlalət edir.
Bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər, hərtərəfli iqtisadi nailiyyətlər ölkəmizi regionda güc mərkəzlərindən birinə cevirib.
Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Buna misal olaraq, martın 5-də Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfərini xatırlatmaq yerinə düşər. Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və
qarşılıqlı əməkdaşlığın uğurlu inkişafı istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Ölkəmizin bütün öhdəliklərini qətiyyətlə yerinə yetirməsi əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır. Bu gün Azərbaycan xarici siyasətində balanslı və tarazlaşdırılmış siyasət aparır. Xarici ölkələrlə münasibətlər bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulub. Bütün beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Azərbaycan heç bir təşkilatdan asılı deyil və üzərinə götürdüyü öhdəlikləri də milli maraqlarına uyğun olaraq yerinə yetirib.
Uğurlu xarici siyasətin nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsini xarici siyasətlərinin prioritet istiqamətləri hesab edirlər. Belə vəziyyətdən məharətlə istifadə edən Azərbaycanın milli maraqları çərçivəsində atdığı addımlar onun ümumilikdə Avroatlantik məkana, buraya daxil olan dövlətlərlə qarşılıqlı əlaqələrini daha da möhkəmləndirir.
Müttəfiqləri ilə münasibətlərində səmimi olması ölkəmizin xarici siyasət kursunda ardıcıllığını və aydın mövqeyini də nümayiş etdirib.
Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin suallarını cavablandıran zaman yürüdülən siyasətin milli maraqlarımıza əsaslanmasını, bu siyasətdə heç bir gizli məqamların olmamasını xüsusi qeyd edib.
Son illərdə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji əməkdaşlıq haqqında sənədlər imzalanaıb. Ölkəmiz Qoşulmama
Hərəkatına üzv olub. Bu kimi uğurlu siyasətin nəticəsidir ki, Vətən müharibəsində dünya Azərbaycanın haqq səsini eşitməli oldu.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Ölkə rəhbəri deyib ki, bu, çox açıq və prinsipial siyasətdir.
Öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.
Xarici siyasət fəaliyyəti, mahiyyət etibarilə, uzunmüddətli perspektivi əhatə edir. Dövlətimizin başçısının xarici siyasət sahəsində bu gün irəli sürdüyü bir sıra təşəbbüslər və layihələr var ki, Azərbaycan xalqı hələ qarşıdan gələn onilliklər ərzində onların bəhrəsini və faydasını görəcək.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının təməlində qarşılıqlı maraq və mənafelərin qorunması, beynəlxalq hüququn təməl prinsiplərinə hörmət dayanır. Ölkəmiz bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və digər bu kimi nüfuzlu təşkilatların üzvüdür. Ölkəmiz həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir.
Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olmuşdur. Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu qurumla əməkdaşlıq edən və həmin əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şuranın insan haqlarının qorunması,
demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü hər zaman dəstəklənib.
44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın həm siyasi arenada, həm də regional iqtisadi layihələrdə mövqeyi daha da möhkəmlənib. Ölkəmiz Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider dövlətə çevrilib. Bu da rəsmi Bakıya müxtəlif layihələri icra etməyə əlavə üstünlüklər verir. Eyni zamanda rəsmi Bakının 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısını uğurla başa çatdırması tərəfdaşlara yeni layihələrə, yeni idayelayarı reallaşdırmağa sövq edir. Ölkəmizin dünya, Avropa və qonşu dövlətlər üçün qaz təchizində göstərdiyi etibarlılıq, üstəlik təkcə özümüzü deyil, eyni zamanda xaricə ixrac etmək üçün böyük miqdarda elektrik enerjisi istehsal etməyimiz Azərbaycanın cəlbediciliyini bir qədər də artırıb. Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən edən Azərbaycan bu istiqamətdə işlər görür.
Ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır.
Avropa Birliyi ölkələrinin təbii qaz təchizatında Azərbaycan etibarlı tərəfdaşlardan biri kimi mühüm rol oynayır və bu rol getdikcə artır. Xəzər regionundan enerji ixracında Azərbaycanın alternativ variantlara malik olması xüsusilə böyük önəm daşıyır.
Müasir dövrdə Avropa qitəsində əsas yanacaq növü kimi qəbul edilən təbii qaza tələbat sürətlə artır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaradıb. Hazırda Avropanın
alternativ marşrutlarla təbii qazla təmin olunmasında əsas diqqət yenidən Azərbaycana yönəlib.
Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu. Bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir. “Şahdəniz Mərhələ 2” üzrə hasil edilmiş təbii qazın avropalı istehlakçılara çatdırılması bir daha göstərir ki, Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslər əzmlə reallığa çevrilir.
Bir zamanlar daxili tələbatı ödəməkdə çətinlik çəkərək elektrik enerjisini idxal etmək məcburiyyətində olan, bütün ölkəni davamlı enerji ilə təmin edə bilməyən Azərbaycan həyata keçirilmiş məqsədyönlü, ardıcıl tədbirlər nəticəsində nəinki bu problemi əsaslı şəkildə həll edib, eyni zamanda enerji ixracatçısına çevrilib və bunula da əlavə siyasi və iqtisadi dividendlər qazanıb.
2-ci Qarabağ savaşında Azərbaycanın qələbəsi müxtəlif sferalarda, o cümlədən nəqliyyat dəhlizlərinin də yeni imkanlarını mümkün etdi. Məlum oldu ki, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətləri var. “Naxçıvan MR ilə Azərbaycanın qalan hissəsi arasında quru yolunun açılma perspektivi Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artıracaq, regionun iqtisadi xəritəsinə əhəmiyyətli təsir göstərəcək. Mütəxəssislər bu qənaətdədir ki, həmin dəhliz Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin, dolayısı ilə ölkəmizin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına imkan verəcək. Çünki quru nəqliyyatı həm də Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya ediləcək. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında aktiv şəkildə iştirak edib. Ölkəmizin coğrafi mövqeyi və nəqliyyat infrastrukturu beynəlxalq yükdaşımaların həcmini, o cümlədən qeyri-neft məhsullarının nəqlini artırmağa imkan verəcək.
Azərbaycanın bütün bu məsələlərə öz strateji baxışı, yanaşması var. Milli inkişaf və təhlükəsizlik siyasəti ölkənin siyasi, iqtisadi, sosial və mənəvi inkişafının, xarici aləmdən qaynaqlanan təhlükələrə qarşı müqavimət gücünün, səmərəli dövlət idarəçiliyinin, ölkədaxili sabitliyin, vətəndaşların milli ideyalar, məqsədlər, amallar ətrafında birləşməsi daxili məsələlərin əsas göstəricilərindən biri kimi çıxış edir. Müstəqil Azərbaycan dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az