Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Şamaxı rayonunda idarə müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə onlayn formatda tədbir keçirilmişdir. Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam xanım Cəfərova, RIH-nin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq onu ehtiramla yad etmişlər. Tədbirdə giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızın bütün regionlarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasından, xalqın rifahının yüksəlməsindən və bütün sahələrin durğunluqdan tərəqqiyə doğru sürətli inkişafından geniş söhbət açmışdır. Azərbaycanın ən qədim bölgələrindən biri olan Şamaxı rayonuna ümumilikdə 14 dəfə səfər edən dahi rəhbərin bu rayona olan diqqət və qayğısının xüsusi olduğunu, hələ sovet hakimiyyəti illərində onun şəxsi tapşırığı ilə hazırlanmış və Nazirlər Sovetinin 21 yanvar 1978-ci ildə qəbul edilmiş müvafiq qərarından sonra Şamaxı şəhərinin, rayonun kənd və qəsəbələrinin simasının başdan başa dəyişdiyini, onun sosial-iqtisadi və mədəni durumunun getdikcə möhkəmləndiyini, Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrildiyini vurğulayan Tahir Məmmədov məhz həmin dövrdən etibarən Şamaxının müasir tarixinin bütün mərhələlərinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tamam xanım Cəfərova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova və RİİB-in Dağlıq Şirvan regional bölməsinin rəhbəri Nərgiz Qurbanova bütün həyatını millətinə və vətəninə həsr etmiş Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olduğunu vurğulamışlar. Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davam etdirilməsi nəticəsində misilsiz nailiyyətlərə imza ataraq, 44 günlük Vətən müharibəsində zəfər çalaraq milli qürur və ləyaqətin, tarixi ədalətin bərpasına nail oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da böyük uğurlara imza atacağına və Heydər Əliyev ideyalarının dövlətimizin gündən-günə yüksəlişinə xidmət edərək işıqlı gələcəyə aparacağına inandıqlarını bildirmişlər.
Həmçinin bildiririk ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar rayon ərazisində ağacəkmə kompaniyası təşkil olunmuş, aksiyada 500-dən çox Eldar şamı aqrotexniki qaydalara uyğun əkilmişdir.