Şamaxı rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov iyulun 31-də Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb, ötən dövr ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən danışıb. Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Şamaxı rayonunda da yüksək templə davam edir.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı aqrar bölgə olan Şamaxı rayonunda sənayenin inkişafına güclü təkan verir. Təsadüfi deyil ki, 2019-cu ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,8 faiz, sənaye məhsullarının istehsalı isə 18,7 faiz artıb. Cari ilin altı ayında Şamaxıda 34 milyon 974 min manat isə kənd təsərrüfatı, 4 milyon 199 min manat isə sənaye məhsulları istehsal olunub. Bu göstərici keçən ilin eyni dövründəkindən müvafiq olaraq 12 milyon 375 min və 663 min manat çoxdur.
Müşavirədə hesabat məruzəsi ətrafında RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov, rayon Maliyyə İdarəsinin rəisi Seyran Alcanov və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini icra edən Orxan Vəliyev çıxış edərək ötən dövr ərzində ölkəmizdə, eləcə də Şamaxı rayonunda əldə olunan uğurlu nəticələrdən danışıb və qarşıda duran vəzifələri müzakirə ediblər. Ümumilikdə 2019-ci ilin birinci yarısının yekunları rayon üçün müsbət qiymətləndirilib.
İclasda fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərdən də danışılıb. Bildirilib ki, yaradılmış komissiya tərəfindən baxılan 6162 evdən 372-si qəzalı hesab edilib. 1409-nun bərpa-gücləndirməyə, 2434-nün təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. İndiyədək 85 evin təmiri başa çatdırılıb, 50 evin təmirinə başlanıb. Habelə, 231 evin bərpa-gücləndirmə işlərinə başlanılıb, 80 evdə işlər sona çatdırılıb. Heydər Əliyev Fondu tərəfindən 31 fərdi yaşayış evi tikilir, onlardan 20-də işlər başa çatdırılıb, 11 evin tikintisi, 12 evin isə təmir-bərpası davam etdirilir. Həmçinin, fərdi yaşayış evləri ilə bərabər Şamaxı şəhərində evləri zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş sakinlər üçün FHN tərəfindən 3 çoxmənzilli bina inşa edilir.
Diqqətə çatdırılıb ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı, Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahəsində infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülür. Rayonda 5 modul tipli məktəbin tikintisi davam etdirilir, Heydər Əliyev Fondu tərəfindən isə rayonda 7 sosial obyektin tikintisi aparılır. Belə ki, şəhər 2 saylı və Meysəri kənd körpələr evi-uşaq bağçaları, şəhər 2 saylı tam orta məktəbin 1 korpusu, Məlikçobanlı kənd tam orta məktəbi, həmçinin Həmyəli, Birinci Çaylı və Quşçu kəndlərində tibb məntəqələri icrasına başlanılıb.
Çıxışlarda 2019-cu ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində rayonda ictimai-siyasi sabitliyin davam etdiyi qeyd olunub.
İclasa yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qarşıda duran vəzifələrdən danışıb, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulayıb. Natiq bildirib ki, biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Şamaxı rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin problemlərin həll edilməsinə dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.
Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.