PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var"


Prezident İlham Əliyevin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib

Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. İkitərəfli siyasi münasibətlər - Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət ediblər.
Prezident İlham Əliyev bildirib ki, bu məktəbi Özbəkistan Prezidenti Füzuli şəhərinə hədiyyə edib. Məktəbin direktoru Həcər Mahmudova prezidentləri müəllimlər, şagirdlər, valideynlər adından salamlayıb. Qeyd edib ki, otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək olar ki, eyni tarixlərdə, - bir gün fərqi var, - buraya qayıtmışam. Bu anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq. Cənab Mirziyoyevdən xahiş edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını öz xalqına, özbək xalqına çatdırsın.
Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. Sakinləri təbrik edən Prezident İlham Əliyev deyib: “İlk növbədə, sizi təbrik edirəm, öz vətəninizə xoş gəlmisiniz. Otuz il Vətən həsrəti ilə yaşamış insanlar artıq öz dədə-baba torpağına qayıdıblar və burada yaşayırlar. Beş gün bundan əvvəl birinci qrup Füzuli sakinləri Füzulidə yerləşdi, gözəl evlərdə yerləşdi və bundan sonra burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Mən bu gün əziz qardaşım Şavkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi. Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm. Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!”.
İşğal dövründə olduğu kimi postmünaqişə dövründə Azərbaycanın öz ərazilərinin bərpasını həyata keçirdiyi dövrdə də  Özbək xalqı və Özbəkistan dövləti Azərbaycanın yanındadır. Bu gün Füzulidə istifadəyə verilən məktəb iki xalqın, iki dövlətin həmrəliyinin, dostluğunun, qardaşlığının daha bir nümunəsi kimi tarixdə qalacaq.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən işlərlə bağlı məlumat verdi.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.

"AZƏRBAYCANI VƏ ÖZBƏKİSTANI QƏDİM TARİX BİRLƏŞDİRİR" 
"Azərbaycanı və Özbəkistanı qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçirdiyi geniş tərkibdə görüşdə deyib.
Son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı".
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib ki, xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik. Sabah Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklərini bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk: "Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm".
Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.

"ŞAVKAT MİRZİYOYEVİN PREZİDENT SEÇİLMƏSİNDƏN SONRA İLK DÖVLƏT SƏFƏRİNİ AZƏRBAYCANA ETMƏSİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİRİK"
Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb. Dövlətimizin başçısı özbək həmkarı ilə mətbuata bəyanatında deyib: "Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə və xalqımıza münasibətinizin göstəricisidir".
Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mənim Sizin rəhbərliyinizlə Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanım olub".
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan münasibətlərinin ən yüksək səviyyəyə çatdığını deyərək bildirib ki, bu gün görüşlər və danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik.
Dövlətimizin başçısı vurğulayıb ki, artıq əldə edilən nəticələr iki ölkənin doğru yolda olduğunu göstərir: "Bu gün nümayəndə heyətlərinin üzvlərinin qarşıdakı, fikrimcə, iki-üç ildə gözlədiklərimizin çərçivəsində bizə məruzə etdikləri deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmışıq. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir".

PREZİDENT  Ş.MİRZİYOYEV: “ÖZBƏKİSTAN AZƏRBAYCANIN UĞURLARINA ÇOX SEVİNİR”.
Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumiyyətlə son illərdə bütün istiqamətlərdə uğurları ilə qürur duyduqlarını vurğulayan Ş.Mirziyoyev deyib: “Belə ki, yaxın qonşular kimi biz çox sevinirik və uğurlar arzu edirik”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin cari ilin 22 avqust tarixində geniş tərkibdə görüşü başa çatdıqdan sonra aşağıdakı sənədlərin imzalanması mərasimi təşkil olub:
•          “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”;
•          “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”;
•          “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”;
•          “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”;
•          “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”;
•          “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”;
•          “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”;
•          “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”;
•          “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”;
•          “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”.

“2022-Cİ İL AZƏRBAYCAN-ÖZBƏKİSTAN ƏLAQƏLƏRİNİN İNKİŞAFI BAXIMINDAN XÜSUSİLƏ MƏHSULDAR OLUB”.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Həmin səfər zamanı dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Məhz bu niyyətin ifadəsi olaraq, Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildi. Bir neçə gün əvvəl - avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirildi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana gözlənilən dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə oldu. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələrin aparılmış, bir sıra mühüm sənədlər imzalanmışdır.
Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az