İyunun 21-də Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində iştirak edib.
Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılması Azərbaycan xalqının böyük oğlu, ümummilli lideri Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park- bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında qeyd etdi ki, biz hamımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib. O, həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xüsusi vurğuladı ki, Heydər Əliyev Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub: "Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Bu, böyük siyasi əzmkarlıq tələb edirdi. Ona görə ki, o vaxt Sovet İttifaqının tarixə qovuşacağına hələ nə qədər qaldığı məlum deyildi. O, bunu etdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib."
Azərbyacanın dövlət başçısı çıxışında onu da bildirdi ki, vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəni inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf- bütün bunlar onun adı ilə bağlıdır.
Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəmizi inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır və biz fəxr edirik ki, onun işini davam etdiririk.
Ümummilli lider Heydər Əliyev vəfatından bir qədər əvvəl öz siyasi vəsiyyətində Azərbaycan xalqına müraciətlə demişdi: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər.”
"Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik."- deyən Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin özbək xalqına böyük sevgi ilə yanaşdığını da iftixar hissi ilə qeyd etdi: "...1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq."
Ölkəmizin rəhbəri çıxışında Azərbaycan və Özbəkistanın müstəqil xarici siyasət kursu yürütməsini, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlər olmasını da məmnunluqla vurğuladı.
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşündə də bu səfər tarixi səfər kimi dəyərləndirildi. Dövlətimizin başçısı bildirdi ki, biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq. Bizim həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanması, əlbəttə ki, siyasi sənəd – bizim inkişafımızı çox illər əvvəlcədən istiqamətini müəyyən edən birgə Bəyannamə iki qardaş dövlətin birgə əməkdaşlığının daha da genişlənəcəyinin əyani nümunəsidir.
Qarşılıqlı iqtisadi fəaliyyət məsələlərinə də toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şavkat Miromonoviçin fikirləri ilə həmrəyliyini bildirdi: "Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik."
Azərbaycan xalqının ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyi münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. " Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşündə kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətlərinə də toxunuldu. Dövlətimizin başçısı əminliyini bildirdi ki, bu istiqamətlər üzrə də mühüm uğurlar olacaq.
Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə ona ayrıca təşəkkürünü bildirən Azərbyacan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, işlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.
Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir.
Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.
Səfər zamanı imzalanmış sənədlər ölkələr arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanması bunu bir daha təsdiqləyir. Cənubi Qafqazda yaranan yeni şərait və dünyann karbohidrogen daşıyıcılarına tələbatın ödənilməsində Azəbaycanın tutduğu mövqe, Rusiya-Ukrayna müharibəsi və başqa amillər iki ölkənin qarşılıqlı münasibətləri və əlaqələrinin də yeni mərhələdə inkişafını aktuallaşdırır. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında bəyannamə qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətin yol xəritəsidir. Həmin sənəddə xarici siyasətin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. İki ölkə arasında imzalanan müqavilələr əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, habelə ölkələr və xalqlar arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” də müasir dünyada və regionda baş verən hadisələr baxımından çox vacibdir. Bu, tərəflərə hərbi -texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımlar atmağa imkan verəcək. Kənar təhdidlərin olduğu bir dövrdə bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət mühüm əhəmiyyət kəsb edir.
Müqavilə və saşizlərin imzalanması görüləcək işlər üçün vacib sayılsa da, ona əməl etmək də mühüm hesab olunur. Bu baxımdan, prezidentlərin tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqları barədə açıqlamaları əlaqələrin intensivləşdirilməsi, iqtisadi qarşılıqlı fəaliyyət, ticarət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika, hərbi, qarşılıqlı beynəlxalq fəaliyyət və digər sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına ciddi əsas yaradır.