“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Müasir Azərbaycanın iqtisadi inkişaf təməlini qoyan ümummilli lider Heydər Əliyevə məxsusdur bu sözlər.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının dirçəldilməsi və sürətləndirilməsi üçün çox işlər görüldü. 1969-cu ilin iyul plenumunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi çağdaş tariximizdə ölkəmizin uzunmüddətli sürətli inkişafının əsasını qoydu.
Ulu öndər Heydər Əliyev Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə 22 sentyabr 1993-cü ildə görüşündə vurğuladığı kimi, ”İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.”
Ulu Öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir.
Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışında (28 sentyabr 1993-cü il) ulu öndər Heydər Əliyev “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm.”
“Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar – bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm.” – qeyd edərək vurğulamışdır.
Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də ulu öndər Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir. Ulu Öndərin məqsədyönlü iqtisadi siyasəti xammal və kənd təsərrüfatı respublikası olan Azərbaycanın qabaqcıl sənaye regionuna çevrilməsi, aqrar sahədə irəliləyişlərə və yüksək göstəricilərə nail olunması, yeni sənaye müəssisələrinin və istehsal sahələrinin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və s. amillərə görə ittifaq miqyasında uğurlarla fərqlənməsi ilə nəticələndi.
XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında həll olunmamış çoxlu problemlər mövcud olmuş, respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam dolğun və səmərəli şəkildə istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin o vaxtkı orta ittifaq göstəricilərindən aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi və sosial şəraitdə respublikada rəhbərliyə gələn Ulu öndər Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti uzaqgörənliklə düzgün qiymətləndirmiş, iqtisadiyyatda, sosial-mədəni və mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək çox qısa zaman kəsiyində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ-də öncül mövqelərə çıxmasını təmin etmişdir. Bu uğurun təzahürü kimi iqtisadiyyatın maddi-texniki bazasının və maliyyə təminatının möhkəmləndirilməsi və buna rəvac verən iqtisadi proseslərin dinamik inkişafının təmin edilməsi son dərəcə gərgin və ardıcıl işin, düzgün və səmərəli idarəetmənin nəticəsi kimi meydana çıxmışdır.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin – müstəqil dövlətimizin məhv olmaq təhlükəsinin aradan qaldırılması, yəni dövlət müstəqilliyimizin qorunub saxlanması və demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində islahatlara başladı.
Ulu öndər öz nitqində vəziyyətdən çıxış yolunu məhz ağıllı və prinsipial fəaliyyət göstərməkdə görürdü: “Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcəkdə işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik... Mən bir Prezident kimi, xalqın qarşısında öz fikirlərimi açıq bəyan edir və əmin etmək istəyirəm ki, bu fikirlərə, bu prinsiplərə daim sadiq olacağam”.
Azərbaycan Respublikasının Prezidentinin Andiçmə mərasimində nitqi. (10 oktyabr 1993-cü il) Ulu öndərin həmin andiçmə mərasimində ölkədəki siyasi vəziyyət və respublikanın gələcək siyasi həyatı barədə dediklərini yada salaq: “Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeçiliyinə düşməyəcək, öz müstəqilliyini qoruyacaqdır”. Ümummilli lider həm müqəddəs kitabımız Qurani-Şərifə, həm də dövlətin əsas qanunu olan Konstitusiyaya and içərək bu prinsiplərə sadiq qalacağını söyləmişdi. Qeyd etmək xoşdur ki, həmin prinsiplərin günün reallığı olduğunu nəinki bu gün, hətta yeni əsrin astanasında da bütün dünyada səmimiyyətlə etiraf edirdilər. Bu gün isə Azərbaycan öz dövlət müstəqilliyini əbədiləşdirməklə yanaşı sosial-iqtisadi inkişafın bir sıra sahələrinə görə bütün dünyada nümunə göstərilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə görüşdə ki, çıxışında (5 fevral 1994-cü il) Heydər Əliyev Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutduğunu, Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılı olduğuna görə dövlət bu sahəyə xüsusi fikir verdiyini vurğulamışdır.
Ulu öndər Türkiyə Böyük Millət Məclisində (9 fevral 1994-cü il) və Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə görüşdə ki, çıxışında (9 fevral 1994-cü il) “İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur.” “Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu yolu seçmişik və onu seçərkən dünya təcrübəsindən istifadə etmişik, bundan sonra da istifadə edəcəyik. Başqa bir ölkənin, o cümlədən də İranın, yaxud hər hansı bir qonşu dövlətin bizim bazar iqtisadiyyatına heç bir təsiri ola bilməz.” qeyd edərək, iqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yolu olduğunu vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin Böyük Britaniya Sənayeçiləri Konfederasiyasında (22 fevral 1994-cü il) və Böyük Britaniyaya rəsmi səfərin yekunlarına dair mətbuat konfransında bəyanatından (24 fevral 1994-cü il) çıxışında “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir.” “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.”
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi – bunlar hamısı bizim əsas prinsiplərimizdir.
Doğrudanda, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir. Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə qurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan ibarətdir. Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır. Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.
Ulu öndər Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə iri neft şirkətləri Azərbaycana dəvət edildi. Qısa vaxt ərzində yeni neft strategiyası işlənib hazırlandı. Heydər Əliyevin sərəncamı ilə Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsi üzrə xarici şirkətlərlə danışıqlara başlanıldı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsi üzrə dünyanın 7 ölkəsinin 11 məhşur neft şirkəti ilə məhsulun pay bölgüsü sazişi, Əsrin müqaviləsi imzalandı. Ulu öndərin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasını, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiya etməsinin, ölkəmizin 90-cı illərin əvvəlində başlamış siyasi-iqtisadi və sosial böhranlardan çıxaraq dirçəldilməsinin və ən əsası bu gün yüksək inkişaf etmiş möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.
Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
fikirlərdən nümunələr:
- Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur.
- Azərbaycanın iqtisadi potensialı, geopolitik-coğrafi vəziyyəti respublikamız, xalğımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir.
- Bizim tutduğumuz strateji yol Azərbaycan xalqının mənafeyinə uyğundur və xalqımızı, respublikamızı dünya birliyinə, dünya iqtisadiyyatına bağlayan yoldur.
- Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirir.
- Bizim ardıcıllıqla həyata keçirdiyimiz islahatların məqsədi milli iqtisadiyyatımızı dirçəltmək, onun dinamik inkişafını və xalqımızın firavan həyat səviyyəsini təmin etməkdir.
- Gələcəkdə Azərbaycan inkişaf etmiş demokratik bir dövlət olacaqdır. Azərbaycan heç vaxt keçmişə dönməyibdir və dönməyəcəkdir. Azərbaycan irəli, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyat yolu ilə gedəcəkdir, öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlayır və bağlayacaqdır.