Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.
Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Ən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.
Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.
Seçkilərdə 8 namizəd mübarizə aparırdı. 125 dairənin 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seçkiləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırıldı.
Seçki məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi MSK-da qeydiyyatdan keçmişdilər .
2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
2018-ci il Prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısının xalqımızın inkişafı, tərəqqisi, təhlükəsizliyi, daha xoşbəxt gələcəyi üçün yorulmaz fəaliyyətinə səs vermiş oldular.
Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü baş tutan “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb ki, bu da bir daha seçkilərin xalqın iradəsini əks etdirdiyini göstərib.
Seçki məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi MSK-da qeydiyyatdan keçmişdilər.
Namizədlərin təbliğat və təşviqat kampaniyası aparmalarına bərabər imkanlar yaradıldı. Radio və televiziyada ödənişsiz təbliğat aparılırdı. Seçicilərlə açıq və qapalı görüş yerləri müəyyənləşdirildi.
Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub.”
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.
2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir
Qazanlıan uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.
2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır.
2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
“Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir.
Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkə statusunu qazanıb. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcəkdir.
Ölkə başçısının milli həmrəyliyin qorunması istiqamətində gördüyü işlər də onun fəaliyyətində mühüm yer tutur. Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir. Bu ideya dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında əsas amil kimi çıxış edir. Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi bu gün özünü daha bariz şəkildə göstərdi. 44 günlük Vətən müharibəsində bütün azərbaycanlılar bir amal uğrunda mübarizə aparırdılar və torpaqlarımızı işğaldan azad etdilər.
2003-2018-ci illər eyni zamanda Azərbaycanda ordu quruculuğu sürətlə inkişaf etdi. Ordu quruculuğu siyasətinin düzgün olduğunu söyləyən ölkə rəhbəri bildirdi: “Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.
2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbəni tarixi, böyük qələbə adlandıran Prezident vurğuladı ki, bu hərbi qələbə Azərbaycan xalqının gücünü və yenilməz ruhunu göstərmişdir. Dövlət başçısı qətiyyətlə dedi: “... Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. ...biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Cocuq Mərcanlı qəsəbəsini dirçəliş rəmzi olaraq qiymətləndirən Prezident bəyan etdi: “Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq”.
Həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu.
2003-2018-ci illər yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf edən dövrüdür. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. Yeddi aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir (Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Hava Limanı). Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır. Dəmir yolu infrastrukturu yenilənib.
2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır.
Kənd təsərrüfatının inkişafına xidmət edən böyük meliorasiya layihələri icra olunmuşdur. Dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir.
Azərbaycan idmançıları 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir (2004- Afina, 2006- Turin, 2008- Pekin, 2010- Vankuver, 2012- London, 2014- Soçi, 2016- Rio de Janeyro). Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
Həmin illərdə Azərbaycan bir sıra mötəbər yarışlara ev sahibliyi etdi. Bakı-2015 ilk Avropa Oyunları ilə idmanda Azərbaycan modeli yaradıldı və növbəti yarışlarda bu təcrübədən istifadə tövsiyə olundu. Möhtəşəmliyi ilə yadda qalan ilk Avropa Oyunlarına (12-28 iyun 2015-ci il) ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. Respublikamız ölkələrin medal cədvəlində fəxrlə 2-ci yerdə (Rusiya Federasiyasından sonra) qərarlaşdı. Bu idman tədbirinə 291 təmsilçimiz qatılmış və 12 idman növündə medallara yiyələnmişlər. Azərbaycan ümumilikdə 56 medala sahib olmuşdur ki, bunun da 21-i qızıl, 15-i gümüş və 20-i bürüncdür.
2017-ci il 13-22 may tarixində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 268 dəst medal öz sahibini tapmışdır. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülmüşdür. Medalallardan 162-si bizim idmançılarımızın payına düşmüşdür. Ümumi medal sayında Türkiyədən (195) geri qalmağımıza baxmayaraq əyarına görə yığmamız İslamiadanın qalibi olmuşdur. Bununla da ölkəmiz tarixində ilk dəfə multiidman tədbirinin ən güclüsü adına yiyələnmişdir.
2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.
Son 10 ilin fundamental nailiyyətləri
2018-ci il prezident seçkilərindən az sonra, 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd (Yexeqnadzor) – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi.
Ən başlıcası isə, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Beş fundamental nəticə – qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir;- Bu tezislər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Strategiya iyulun 22-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunub.
Sənəddə vurğulanır ki, ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailliyyətdir.
Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.
Son 10 ildə Azərbaycanda milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
Sənədə əsasən, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunub.
Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olub. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olub ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.
2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur.
2011‒2021-ci illərdə ölkənin qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 mlrd ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli böyüyüb. Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olub. Pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, 2021-ci ildə 83%-i ötüb. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz özəl investisiyaları olub. 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatıb. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artıb, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil edib. Qeyri-neft/qaz ixracın 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatıb.
Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft/qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyümüşdür. Ölkəyə gələn turistlərin sayı 2011-ci ildəki 1,6 mln nəfərdən artaraq 2019-cu ildə 2,9 mln nəfərə çatmışdır.
Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilmişdir. Ölkənin mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyədədir. Yerli istehsal potensialı ilə yanaşı, ölkədə ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturunun və emal sənayesinin inkişafı üçün yaradılan baza da ölkəmizin ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Təbii resursların çatışmazlığına görə idxaldan asılılığımızın nisbətən yüksək olduğu məhsullar üzrə yerli emal sənayesinin və infrastrukturun yaradılması ölkənin ərzaq təhlükəsizliyini stabil şəkildə təmin etməyə imkan verir.
Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur.
Böyük məbləğdə və milyonlarla insanı əhatə edən sosial paketlər, iqtisadi islahatlar nəticəsində əldə olunan gəlirlər bilavasitə əhalinin rifahının yüksəldilməsinə yönəldilib. 2022-ci ilin əvvəlindən sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, 1,5 milyard manat vəsaitə başa gələn və 2.1 milyon insanı əhatə edən növbəti sosial paketin həyata keçirilməsi bunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ki, ölkəmizin iqtisadi gücünün artırılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi ən qısa zamanda keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmalarını təmin edəcək.
Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur.Bu dövrdə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olmuşdur. Monetar şərait makroiqtisadi sabitlik hədəfləri çərçivəsində tənzimlənmişdir. İqtisadi artımın bərpasına dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayınadək 16 mərhələdə azaldılaraq 15%-dən 6,25%-ə endirilmişdir. Lakin 2021-ci ilin birinci yarısında xarici mühitdə baş verən proseslərə cavab olaraq uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində fasilə verilmiş, ilin ikinci yarısından başlayaraq isə inflyasiya proseslərinin sürətlənməsi nəzərə alınaraq uçot dərəcəsi tədricən yüksəldilmişdir. Makroiqtisadi sabitliyin qorunması şəraitində iqtisadiyyatda likvidlik effektiv idarə olunmuşdur.
Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək vermişdir. Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Bu şəraitdə son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlmiş, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 9,9 mlrd manatdan artaraq 17,1 mlrd manata çatmışdır. Maliyyə sektorunun sağlamlaşdırılması üzrə həyata keçirilmiş tədbirlər sektora etimadı yüksəltmişdir. Depozitlərin həcmi (maliyyə sektoru çıxılmaqla) 3,9 dəfə artaraq 2011-ci ildəki 6,9 mlrd manatdan 2021-ci ildə 27,1 mlrd manata çatmışdır.
Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il yanvar ayının 5-də "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam da əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əlavə tədbirləri özündə ehtiva edir. Belə ki, bir çox kateqoriya üzrə əmək haqqının artırılması, xüsusilə də minimum əmək haqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 280 manata çatdırılması nəzərdə tutulur, eyni zamanda, müavinət və təqaüdlər də artırılacaq. Pensiya və əməkhaqqı artımı 800 min nəfəri əhatə edəcək. Bu sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımdan əhəmiyyət daşıyır. Ümumilikdə, son 4 ildə sosial sahədə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, bu, son 5 ildə əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən sayca 4-cü sosial islahatlar paketidir.
Son on il ərzində təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinə müsbət təsir göstərib. Azərbaycanda dövlət təhsil siyasətinin müasir mərhələsinin istənilən dövrünü müşahidə etsək, bir daha məqsədyönlü davamlılığın şahidi ola bilərik. Prezidentin bu istiqamətdəki sərəncamlarının mahiyyətindən irəli gələn məsələləri diqqətlə təhlil etdikdə onların strateji mahiyyətinə daha yaxşı aydınlıq gətirmək mümkündür. Belə ki, müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır.
2003‒2021-ci illərdə 3400-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir ki, bu da bütün məktəblərin 76%-ni təşkil edir. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkələr sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlmişdir.
Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşmışdır. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalmış, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artmışdır. COVİD-19 pandemiyasına qədər ana ölümü hər 100000 nəfər diri doğulana 14,9, körpə ölümü hər 1000 nəfər diri doğulana 11, beş yaşa qədər uşaq ölümü 13, gözlənilən ömür uzunluğu 73,2 yaş təşkil etmişdir.
Hazırda qlobal iqtisadiyatda təlatümlər, böhranlar müşahidə olunur, lakin bu dəyişikliklərin ölkəmizə təsirlərini minimallaşdırmaq üçün ölkədə yüksək sosial-iqtisadi rifah və potensial formalaşdırılmışdır. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.