REGİONAL PLATFORMA - TÜRK BİRLİYİ PLATFORMASI


Prezident İlham Əliyev cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxış edib 

Prezident İlham Əliyevin Türkmənistana səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi bütövlükdə Türk dünyası üçün çox önəmli hadisədir. Qütblərarası ziddiyyətin dərinləşdiyi, qüvvələr balansının tez-tez dəyişdiyi bir vaxtda Türk dünyasının bir mərkəz kimi çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. 

Üçtərəfli Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görməkdən məmnunluq ifadə edib: "Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq."

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədə olduğunu xüsusi qeyd edən dövlət başçısı Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsinin iki dövlətin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırdığını bildirib.  2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanması da bu istiqamətdə atılan ciddi addımdır. 

Respublika Prezidenti İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan münasibətlərindən danışarkən nəqliyyat-logistika sahəsində böyük uğurlar qazanıldığını vurğulayıb və hər üç qardaş ölkə arasında nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açıldığını Görüş iştirakçlarının diqqətinə çatdırıb. 

Dövlətimizin başçısı çıxışında Azərbaycan, Türkiyə və Türkmənistanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib və bu əməkdaşlıqdan məmnunluq ifadə edib: "Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır."
Səmərəli əməkdaşlıq iqtisadi sahədə qazanılan uğurlarda  da öz real əksini tapır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi faktlar bu mənzərəni daha real əks etdirir: "2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir."

Prezident İlham Əliyev çıxışında Azərbaycanın önəmli tranzit ölkəsinə çevrilməsini də xüsusi vurğulayıb və ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etməsini qeyd edib. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artması Azərbaycanın önəmini bir dah təsdiq edir. 

Dövlətimzin başçısı Zəngəzur dəhlizinin açılması ilə bağlı aparılan işlər haqqında da Zirvə Görüşü iştirakçılarını məlumatlandırıb və bildirib ki,  Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. 

Regionunlogistik potensialını zənginləşdirən layihələr bilavasitə ölkəmizin strateji əhəmiyyətilə bağlıdır. Bu layihələrin reallaşdırılması Azərbaycanı geosiyasi məkanda vacib və dəyərli tərəfdaşa çevirib. Nəzərə alsaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur- dediklərimiz bir daha öz təsdiqini tapır. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. 

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə və ciddi roluna da diqqət çəkib: "Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq." 

Ölkə başçısı, həmçinin bildirib ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub". 

Sözsüz ki, regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkanlar 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində yaranmışdır. 

Prezident İlham Əliyev: "Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır." 

Azərbaycan artıq Mərkəzi Asiya üçün öz enerji potensialının Türkiyə və Qərbə realizəsində mühüm tərəfdaşdır, həmçinin qardaş dövlətlərimizin siyasi və iqtisadi müstəqilliyində de-fakto zəmanətçi kimi çıxış edir. Azərbaycan-Türkiyə-Türkmənistan arasında Birinci Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi, çoxşaxəli əməkdaşlıq spektorunu əhatələyən sənədlərin imzalanması Azərbaycanın bu məsələdə qətiyyətini göstərdi.




Səfər çərçivəsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri:

“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”;
“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”;
“Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”;
“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”;
“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az